Qənbər Şəmşiroğlunun yaradıcılığı müzakirə edilib - FOTOLAR

  • By admin
  • 04 Dekabr 2022 11:22

Görkəmli ictimai xadim, şair, nasir, publisist Qənbər Şəmşiroğlunun anadan olmasının 89-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Adil Cəmil Qənbər Şəmşiroğludan öncə Azərbaycan ədəbiyyatına ustad Dədə Şəmşir və ondan da öncə atası şair Ağdabanlı Qurban ocağının müqəddəsliyini xatırlatdı. Bildirdi ki, Dədə Ələsgər vaxtilə Miskin Abdal nəslinin davamçısı olmuş Ağdabanlı Qurban ocağının ziyarətgah olmasını həmişə öz şeirlərində yazar və bu ocaqla dostluq əlaqələrinin möhkəmliyindən söz açarmış.

İlk söz professor, Dövlət mükaftı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlıya verildi. Professor tədbir iştirakçılarına məlum olmayan bəzi faktları qeyd etməklə, ustad Dədə Şəmşirin saz-söz aləminə, ümumiyyətlə, Azərbaycan aşıq sənətinə, eləcə də ədəbiyyatımıza verdiyi sanballı töhfədən bəhs etdi: “…Bilirsiniz, Azərbaycanda elə bir ustad aşıq tanımıram ki, onun 76 saz havasından ibarət lent yazıs qalmış olsun. Qənbər Şəmşiroğlu da belə bir azman ozan, şair, müdrikliyi ilə də dillərdə dastan olan və dastan yaradıcısı Dədə Şəmşir kimi ustad oğlu olub. Ustad oğlu isə şəyird olmaz,-deyib atalarımız, dədələrimiz. Bəli, Qənbər müəllimdəki yaradıcılıq genetik və fitrətdən, nəsildən-nəsilə keçən ədəbi təfəkkürün məsuludur. Onun Azərbaycan ədəbi aləmindəki yeri çox yüksəklikdədir. İrsi keçmə sənətkarlıq isə təbiiliyi, ədəbi-bədii mükəmməlliyi ilə seçilir. Bu gün aramızda olmayan Qnbər müəllim əsərləri və şəxsiyyəti hələ neçə-neçə nəslin yaddaşında yaşayacaq. Çünki şeirləri sazın sinəsinə yazılıb…”

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımov Azərbaycan ədəbi aləmində “Ailə institutu” yaradan Qənbər Qurbanovun həyat və yaradıcılığına elmi baxışdan öncə Dədə Şəmşir beynəlxalq konfransının keçirilməsinin mühüm məsələ olduğunu qeyd etdi: “…UNESKO-da Aşıq Şəmşir kafedrasının fəaliyyəti isə, ümumiyyətlə, Azərbaycan folklorunun, daha dəqiq desək, xalq yaradıcılığının, o cümlədən musiqinin, aşıq sənətinin qorunması və təbliği baxımdan xüsusilə təqdirəlayiq haldır. Bu da Aşıq Şəmşir yaradıcılığının çoxşaxəli olmasının təzahüridir”.

Professor Şahlar Əsgərova görə, Dədə Şəmşir irsinin layiqli davamçılarından olan Qənbər Qurbanov da, atası kimi, o taylı-bu taylı xalqımızın dastançılıq ənənələrinə sadiq bir şairdir: “Onun yaradıcılığının elmi izahı olduqca vacibdir. Qənbər Qurbanov göz açıb Dədə Şəmşirin aşıqlıq sənəti ilə yanaşı, şairliyinin də şahidi olub. Belə aşıqlara yaradıcı, yaxud ustad, ən yaxşı halda isə Dədə titulunu verirlər. Bunu xalq verir. Xalqın verdiyi, yaraşdırdığı titul isə sənət kimi uzunömürlü olur. Şəmşir Qocayev yalnız aşıq deyildi, o, Azərbaycan ədəbiyyatına, folkloruna dərindən bələd olan şair kimi tanınıb. Ustadın yaradıcılığı aşıqlıqla bitmir. Ölməz xalq şairi aşığı şair kimi təqdim edib. Və onun bədahətən şeirənə cavab verməsi şairi heyrətləndirmişdir. Ustada aşıq demək, onun şair kimi yaradıcılığına kölgə salmaq olardı…”

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov bildirdi ki, Son 60 ildən artıq müddətdə Azərbaycanın sosial-mədəni həyatında özünəməxsus rolu olan Qənbər Şəmşiroğlu uzun və mənalı ömrünün sonunacan fəal ictimaiyyətçi, nüfuzlu ziyalı, əsl Azərbaycan vətənpərvəri, fədakar el-oba təəssübkeşi kimi yaşadı və çalışdı. Ustad Aşıq Şəmşirin ailəsində doğulub-böyüyən Qənbər müəllim bu ulu ocağa xas bütün nəcib keyfiyyətləri, dəyərli xüsusiyyətləri öz şəxsiyyətində layiqincə təcəssüm etdirmişdi. “Azərnəşr”in baş redaktoru, əməkdar jürnalist Əlövsət Ağalarov çıxışında qeyd etdi ki, Qəmbər Şəmşiroğlunun sədrliyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması naminə ölkədə və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Candan sevdiyi doğma Kəlbəcərin işğalı, əzəli yurd-yuvanın illər boyu düşmən tapdağı olması Qənbər Şəmşiroğlunun ruhunda dərin sarsıntılara yol açmış, həyat və yaradıcılığında nisgilli izlər qoymuşdu. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirdi ki, 44 günlük Vətən müharibəmizin şanlı zəfərlə bitməsinə, Qarabağın, eləcə də Kəlbəcərin azad edilməsinə ən çox sevinənlərin önündəydi Qənbər müəllim. Bu böyük qələbə onun vətən sevdalı ürəyinə sonsuz fərəh gətirmiş, şair ilhamını daha da qanadlandırmışdı. Qənbər müəllim işlədiyi müxtəlif dövlət vəzifələrində ləyaqətlə caləşmışdır. Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri və Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə, Qənbər müəllim “Şərəf Nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalı ilə təltif edilmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi müstəqil Azərbaycan dövləti tərəfindən 18 oktyabr 2011-ci ildə “Tərəqqi” medalı ilə də dəyərləndirilmişdir”.

Milli Məclisin deputatı Aqil Abbas, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Vəliyəddin İsmayılov, fəlsəfə üzrə fəlsəfə doktoru Rübabə Şirinova, Qənbər Şəmşiroğlunun yaradıcılığına dərindən bələd olan şair-publisist, AYB-nin üzvü Yusif Hüseyn, Əməkdar mühəndis Xəqani Kazımov, Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova, şair-publisist Sona Xəyal, Dədə Şəmşir irsinin toplanıb nəşr edilməsində xüsusi əməyi olan, yazıçı-publisist, “Dünya” qəzetinin baş redaktoru Füzuli Ramazanoğlu, Ağdaban faciəsinin şahidi və ilk qələmə alanı, “Yenilik-press” qəzetinin təsisçisi və baş redaktoru Məhəmməd Nərimanoğlu, İTV-nin “Ozan” verilişinin aparıcı müəllifi Qorxmaz Tofiqoğlu, aşıq Ədalət Dəlidağlı və başqaları Dədə Şəmşir irsinin layiqli davamçılarının Azərbaycan ədəbiyyatına verdikləri töhfədən söz açan, bir-birindən maraqlı və zəngin faktlarla çıxış etdilər. Qeyd etdilər ki, Özünün müdriklik, kamillik yaşlarında da Qənbər Şəmşiroğlu ictimai-mədəni fəaliyyətdən qalmayıb, ədəbi yaradıcılığını uğurla davam etdirib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəal iştirak edib. Müntəzəm şəkildə ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərin iştirakçısı, sosial qayğıya, mənəvi dəstəyə ehtiyac duyan insanların qayğıkeş, fədakar yardımçısı olub. Qənbər müəllim son 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkünlərin, şəhid, əlil ailələrinin, tələbə və gənclərin sosial problemlərinin həllinə, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına bir vətəndaş və ziyalı kimi dəyərli töhfələr verib.

Sonda Dədə Şəmşir ocağının layiqli davamçısı, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Cavid Qənbəroğlu atası Qənbər Qurbanovun unudulmamasını təsdiq edən anım tədbirinin təşkil olunmasına, 17 noyabr – Dirçəliş Günü bir araya toplanaraq dövlətimizə və onun başçısına sədaqət göstərdikləri üçün tədbir iştirakçılarının hər birinə təşəkkürünü bildirdi. Cavid Qurbanov Azərbaycanın bugünkü inkişafının, həmçinin Qarabağda Zəfər çalınmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi şücaət və sərkərdəlik məharətindən söz açaraq qeyd etdi ki, atamın ən ülvi arzusu doğma Qarabağımızın azad edilməsi, ata-baba yurdu Kəlbəcərin, o cümlədən iki dəfə təcavüzə və soyqırımına məruz qalmış, yer üzündən silinmiş, bir gecədə 40 nəfərədək sakini şəhid, yüzlərlə yaralı və itkini olmus, əsir aparılmış Ağdaban kəndini ziyarət etmək idi: “…Şükür ki, ömrünün son aşırımında atam bu ziyarəti etdi. Ruhu Kəlbəcərin azad səmasında dolaşan – şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərimizi yenidən quracaq, yaradacaq, onda atamın da ruhu şad olacaq, axı, vaxtilə Kəlbəcərdə qurub-yaradan atam həm də bu yanda 28 il əsir-yesir, qaçqın-köçkün həyatı yaşayanların daim yanında olub. Buna görə də Zəfərimizin əsas müəllifi olan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə bütün kəlbəcərlilər adından təşəkkürümüzü bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik.

Məhəmməd NƏRİMANOĞLU,
“YENİLİK-PRESS” qəzetinin təsisçisi və baş redaktoru