QƏQƏNİSTAN: Qəni getdi, Qəni gəldi

  • By admin
  • 18 Avqust 2021 20:28

Əşrəf Qəni (Əhmədzay) Kabildən qaçdıqdan 2 gün sonra Əbdül Qəni (Biradər) Əfqanıstana qayıtdı. 2009-cu ildən taliblərin faktiki lideri olan Molla Əbdül Qəni Biradər və ya Molla Biradər Axund “Taliban”ın qurucusu Molla Ömərin sağ əli idi və “bəradər” (daricə “qardaş”) ləqəbini də tələbəsinə o vermişdi.

2001-ci ildə taliblərin adından hakimiyyəti amerikanların təmsilçisi Həmid Kərzaya verib aradan çıxan Molla Biradər 20 il sonra təmtəraqla Kabilə girdi. Böyük ehtimalla “Taliban”ın 53 yaşlı lideri Əfqanıstanın yeni başçısı olacaq.

Molla Biradər puştunların ən böyük və nüfuzlu tayfa birləşmələrindən olan dürranilərdəndir.

Həmid Kərzay da dürranidir. Əfqanıstan əhalisinin 16%-ni təşkil edən dürranilərin ( 5 milyon nəfər) özülündə iki tayfanın ittifaqı durur və onların da hər birində 5 tayfa var. Bu tayfalar da müxtəlif soy-klanlara bölünür.

Əslində, Dürrani tayfasının tarixi adı “abdali”dir. Əhməd Şah Abdali Nadir Şahın ölümündən sonra – 1747-ci ildə bütün puştunları hakimiyyəti altında birləşdirdikdə özünə “Dürr-i Dürran” (İncilər incisi) kimi təmtəraqlı titul götürərək Əhməd Şah Dürrani olmuşdu.

Bundan sonra sülalə ilə yanaşı, abdali tayfalarının konfederasiyası da dürrani adlandırılmağa başlayır.

Əfqan dağlarında hər daşın altından bir tayfa çıxır. İslam ümmətinin mənsubu kimi bir-birlərini “bəradər” (“biradər”) adlandırır və… qırırlar.

“Qardaş”a bəzən bizdə “qağa” və ya “qəqəni” də deyirlər. “Qəqəni”nin bir anlamı da var: abdal, yəni avam…

Qəzənfər Həmidoğlu