Qərbi formalaşdıran əsrarəngiz din - CƏNNƏT VƏ CƏHƏNNƏM, MƏHŞƏR GÜNÜ VƏ YENİDƏN DİRİLMƏ ZƏRDÜŞTLİKDƏN YAYILIB

  • By admin
  • 20 Aprel 2017 21:45

zerdustluk

O, Ulduz Müharibələri (Star Wars) və Taxtların Oyunu (Game of Thrones) kimi filmlərə təsir göstərib, Volter, Nitşe və Freddie Mercury kimi məşhurlara ilham verib.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Joobin Bekhard Zərdüştlüyün nə olduğuna dair seala cavab tapmağa çalışıb.

“Biz” və “onlar” ayırımı, Qərbin İran ilə bağlı siyasətinə hər zaman hakim olub.

Eyni zamanda Xristianlıq, tez-tez ABŞ və Avropanı təcəssüm etdirən bir sözə çevrilib.

Bu qədim dinə nəzər salsaq bəlkə də bütün Qərb ideyalarının kökünün İranda yatdığını görərik.

Alimlərə görə iranlı peyğəmbər Zərdüşt eramızdan əvvəl təxminən 1500 və 1000-ci illər arasında yaşayıb.

Zərdüştə qədər qədim farslar, hazırda Hinduizm kimi bilinən Hind-Aryan dininə daha yaxın, qədim İran-Aryan dininə sitayiş ediblər.

Lakin, Zərdüşt, bu inancı pisləyərək tək Allaha – Hörmüzə (Ahura Mazda) – sitayiş etməyin doğru olduğunu deyirdi.

Bu yolla o, iranlılar və hind-aryanlılar arasındakı fərqi yaratmaqla bərabər, insanlığın ilk tək allahlı dinini də formalaşdırmış oldu.

Tək allah ideyası, Zərdüştliyin həm də “böyük üçlük”: Yəhudilik, Xristianlıq və İslam arasında yer tutmasına səbəb olub.

Cənnət və Cəhənnəm, Məhşər Günü və yenidən dirilmə, mələklər və iblislər, əslində Zərdüştlikdən yayılan məfhumlardır.

Hətta, Şeytan fikri də Zərdüştlikdən gəlir. Belə ki, Zərdüştlik dininin əsasında, yaxşılıq və işığı təmsil edən Allah (Müqəddəs Ruh, Spenta Manyu) ilə qaranlıq və şəri təmsil edən Əhrimən (Anqramanyu) arasındakı mübarizə dayanır.

İnsan istədiyi tərəfi tutmaqda azad olsa da, din buyurur ki, Allahın qələbəsi qaçılmazdır.

Bəs Zərdüştlikdəki ideyalar, İbrahimi dinlərə necə yol açıb?

Alimlərə görə, bu anlayışların bir çoxu Babil yəhudilərinə, fars imperatoru Böyük Sirus tərəfindən azad edilərkən öyrədilib.

Bu fikirlər, yəhudi fikrinə hakim kəsilib və Bilzəbub (İblisin bir adı) yaranıb.

Və farslar Əhəməni imperiyası zamanı yunan torpaqlarını zəbt etdikdən sonra, yunan fəlsəfəsi müxtəlif istiqamət götürüb.

Buna qədər yunanlar, insanların hökmünün çox az olduğuna və çoxlu allahlar tərəfindən idarə olunduqlarına inanırdılar.

İran dini və fəlsəfəsi ilə tanış olduqdan sonra, onlar sanki, həyatlarını idarə etmək iqtidarında olduqlarını və qərar vermək azadlıqlarını anladılar.

Bir zamanlar İranın dövlət dini olan və farsların yaşadığı ətraf ərazilərdə də (məsələn, Əfqanıstan, Tacikistan və Mərkəzi Asiyanın böyük hissəsi) sitayiş olunan Zərdüştlük, hazırda İranda azlıq dini kimi tanınır və dünya üzrə davamçıları da çox azdır.

Dinin mədəni irsini isə, xüsusi qeyd etmək lazımdır. Zərdüştliyin bir çox ənənələri İran mədəniyyətinə böyük təsir göstərdiyi kimi bu təsir, Qərbi Avropadan da yan keçməyib.

Zərdüştlik rapsodiyası

Dantenin İlahi Komediyasından əsrlər öncə, Avesta kitabında Cənnət və Cəhənnəmin aydın izahı verilib.

Görəsən Dante, Zərdüştin kosmik səyahətindən xəbərdar idimi?

Deyilənlərə görə onun bu səyahəti, eramızın 10-cu ilində tamamlanıb.

Hər iki əsər arasındakı oxşarlıq heyrətamiz olsa da, insana yalnız fərziyyələr qalır.

Zərdüştliyin başqa ölkələr ilə ‘əlaqəsi’ bir o qədər də səthi deyil.

İranlı peyğəmbəri, 16-cı əsrdə Rafaelin yaratdığı Afina Məktəbi (School of Athens) əsərində əlində parlaq qlobus tutan şəkildə görmək mümkündür.

17-ci əsrin sonu 18-ci əsrin əvvəlində Zərdüştə həsr olunmuş kimyagərlik işi Clavis Artis-də də, onun Xristian mövzulu müxtəlif təsvirləri əks olunub.

Zərdüşt, “[Xristian Avropasında] sehrin yaradıcısı, filosof və astroloq kimi qiymətləndirilməyə başlandı, xüsusilə də Renesansdan sonra,” London Universitetinin Şərq və Afrika Tədqiqatları Məktəbindən Ursula Sims-Williams deyir.

İndi Zadig adı çəkiləndə dərhal insanın ağlına fransız moda şirkəti Zadig & Voltaire gəlir.

Geyimləri zərdüştilərə məxsus olmasa da, adın arxasında yatan hekayə ona aiddir.

18-ci əsrin ortalarında Volter tərəfindən qələmə alınmış Zadigtells, eyniadlı fars zərdüşti qəhrəmanından bəhs edir. O, bir çox sınaq və çətinliklərdən sonra, Babil şahzadəsi ilə evlənir.

Tarixdə bu ciddiyə alınmasa belə, Volter və Maarifçilərin liderlərinin bir çoxunun fəlsəfi əsərlərinin, məhz İrandan ilhamlanaraq yazıldığı aydındır. Volter, İran mədəniyyətinin aşiqi idi və dostları ona ‘Sədi’ deyə müraciət edirdilər.

Eyni ruhla Göte də fars şairi Hafizə həsr etdiyi Şərq-Qərb Divanında, Zərdüşt mövzulu bir hissəni qələmə alıb.

Thomas Moore isə İranlı zərdüştilərin taleyi ilə bağlı Lalla Rookh əsərini yazıb.

Zərdüştlik təkcə, Qərb incəsənəti və ədəbiyyatında iz qoymayıb. Avropa səhnəsinin bir neçə siması da bu qədim inanca bağlı olub.

Kahin ruhlu qəhrəman Sarasto-dan başqa, Mozart-n Sehrli Fleyta librettosu da zərdüşti mövzu ilə zəngindir. Məsələn, işıq qaranlığa qarşı, alov ilə suyun sınağı və hikmət və yaxşılıqların hər şeydən üstünlüyü.

Və Farrokh Bulsara da – səhnə adı Freddie Mercury – fars zərdüşti kökləri ilə həmişə fəxr edib.

“Mənim geyim tərzim həmişə fars köklərinə bağlı qalacaq,” o, bir dəfə müsahibəsində deyib, “xeyr, əzizim, heç kim məni dayandıra bilməz!”

Onun bacısı Kashmira Cooke da 2014-cü ildə verdiyi müsahibədə ailəsinin Zərdüşt kökləri haqqında söz açıb.

“Biz ailə olaraq, zərdüştiliyimiz ilə fəxr edirik,” o deyib. “Düşünürəm ki, [Freddie-n] zərdüşti inancı ona daha çox işləmək, əzmli olmaq və arzularının arxasınca getmək gücü verirdi.”

Buz və alov

Musiqidən söz düşmüşkən, Richard Strauss-n yaratdığı Zərdüşt belə Deyirdi əsərini qeyd etməmək olmaz.

Bu əsərdən ilhamlanaraq Stanley Kubrick, 2001-ci ildə dünyaca məşhur Kosmik Odissey-i yazır.

Eyni zamanda Nitşenin böyük əsərinin adı də Zərdüşt peyğəmbərlə bağlıdır. Buna baxmayaraq, əsər başdan-başa anti-zərdüşti ideyalar daşıyır.

Alman filosofu zərdüştiliyin yaydığı yaxşı və pisliyi qəbul etmir və bir ateist olaraq monoteizmdən qətiyyən söz açmır.

Freddie Mercury və Zadig & Voltaire-dən başqa, Qərbin müasir populyar mədəniyyətində də Zərdüştliyin izlərini görmək mümkündür.

Ahura Mazda, Mazda adlı maşın şirkətinin adının yaranmasında rol oynayıb.

Eləcə də, George RR Martin-in Taxt Oyunları filmində qaranlıq üzərində qələbə qazanan yarımallah rolu Azor Ahai də, Zərdüştlikdən ilhamlanıb.

Eyni zamanda, Ulduz Müharibələri filmində İşıqlı tərəfin Qaranlıq tərəf ilə mübarizəsini də Zərdüştlik ilə bağlamaq olar.

Qərb düşüncəsi, dini və mədəniyyətinə bu qədər təsir göstərən bir dinin, dünyanın ilk monoteist dini olması və onun iranlı yaradıcısı haqqında Qərbdə çox az məlumat mövcuddur.

Müasir fikir axınında və əksər ABŞ və Avropa siyasətçiləri üçün İran, azad dünyanın təcəssüm və əldə etdiklərinə qarşı bir ölkə kimi tanınır.

İran irsinin bəxş etdiyi bir çox təsirlər bir qırağa, hamının unutduğu Zərdüştlik dini, bəlkə də “bizim” “onlar” ilə nə qədər oxşar olduğumuzun ən bariz nümunəsidir.

Gununsesi.info