Rusiyanın enerji sektorunun ən nüfuzlu fiqurlarından biri, “Rosneft”in rəhbəri İqor Seçin ABŞ və Avropanın Rusiya və Çinə qarşı tətbiq etdiyi sanksiyaların Qərb ölkələrində yeni iqtisadi böhrana gətirib çıxaracağını bildirib.
O, bu fikirləri Pekində keçirilən Rusiya-Çin Enerji Biznes Forumunda səsləndirib.
Seçinin sözlərinə görə, Qərbin aqressiv sanksiya siyasəti artıq enerji qiymətlərinin yüksəlməsi ilə öz nəticəsini göstərir və bu, həm istehlakçıların, həm də dövlətlərin xərclərini kəskin artırır. O qeyd edib ki, Qərb ölkələrində elektrik enerjisinin maya dəyəri Rusiya və Çinlə müqayisədə bir neçə dəfə yüksəkdir və bu da rəqabət qabiliyyətini zəiflədir.
Seçin xatırladıb ki, Rusiya və Çin uzun illərdir artan xarici təzyiq altındadır, lakin bu cəhdlərin ölkələri qlobal bazardan çıxara bilmədiyini vurğulayıb. O bildirib ki, sanksiyalara baxmayaraq, Moskva öz iqtisadi və siyasi kursunu davam etdirməkdə qərarlıdır.
Qeyd edək ki, ötən ay ABŞ administrasiyası Ukraynada sülh sazişinə nail olmaq məqsədilə “Rosneft” və “Lukoil”ə qarşı yeni sanksiyalar tətbiq etmişdi.
Firuzə












