Qətlə yetirilən gəncin atasından Ali Məhkəməyə rüşvət ittihamı -OĞLUMUN QANINI PULLA BATIRIRLAR

  • By admin
  • 25 Aprel 2018 13:26

“Ali Məhkəmənin hakimi Əli Seyfəliyev oğlumu qətlə yetirən biznesmen oğlunun rüşvəti müqabilində qatili müdafiə etdi. Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə oğlumu öldürən Urfan Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilsə də ancaq Əli Seyfəliyev bu hökmü ləğv edərək, yenidən Apellyasiya Məhkəməsinə qaytarıb”. Bu sözləri Azərbaycan Prezidentinə ünvanladığı şikayətində bir neçə il əvvəl qətlə yetirilən dünya çempionu Kamal Rüstəmovun atası Əli Rüstəmov yazıb.

Müraciətinin bir surətini ölkə KİV-lərinə ünvanlayan Əli Rüstəmov hadisəni belə nəql edir: “Oğlumu 2014-cü ilin sentyabrında Urfan Rzayev və daha bir neçə onun işlədiyi yerə gələrək, öldürdülər. Ekpstertiza rəyləri və digər faktlar Kamalın bir neçə nəfər tərəfindən öldürüldüyünü ortaya çıxarsa da Göygöl prokurorluğu bu işi ört-basdır etmək üçün əlindən gələni etdi. O zaman guya, Urfanın Kamalı müdafiə zəmnində öldürməsinə yönəlik iş aparıldı. Hətta ilkin cinayət işi “Qəsdən adam öldürmə” maddəsi ilə aparılmırdı. Ancaq ölkə mediasının bu işin üstünə getməsi, Baş Prokuorun qəbulunda olmağımız səbəbindən CM-nin 120.1 ci maddəsi ilə cinayət işi başlandı. Yenə də qətlin digər iştirakçıları istintaqdan gizlədildi. Çünki, qrup şəklindən cəza daha ağır təyin olunur. Oğlumu öldürən Urfanın atası Rusiyadakı biznesinə güvənərək, hər yerdə bu işi öz xeyirlərinə həll edəcəklərinə əminliklə danışırdı. Belə də oldu Gəncə Ağır Cinayətlər Məhkəməsi Urfana 10 il cəza verdi. Sonradan şikayətlərimizə görə, Gəncə Apellyasiya Məhkəməsi ədaləti qismən də olsa bərpa elədi. Urfana 13 il cəza təyin olundu.

Qeyd edim ki, ötən aylar ərzində qatilin atası müxtəlif şəxslər vasitəsilə mənə rüşvət təklif etdi. Açıq şəkildə deyirdi ki, ya sənə ya Ali Məhkəməyə verdim, fərq etmir, gəl, razılaşaq. Biz oğlumuzun qətlinə görə, yeganə təsəllini onun həbsdə qalması ilə tapırıq.

Bu gün isə hakim Əli Seyfəliyevin belə bir qərar verməsi dövlət, onun məhkəmə sistemi adına utancdır. Mən Cənab Prezidentdən, Məhkəmə-Hüquq Şurasının sədrindən bu hakimin əməllərinin araşdırılmasını xahiş edirəm”.

Əli Rüstməv sonda onu da bildirib ki, məhkəmənin belə bir biabirçı qərar qəbul etməsi onun bir vətəndaş kimi dövlətə etimadını öldürür.

Nigar