Qətlə yetirilmiş idmançının həyat yoldaşı: Evə pozğun qadınlar gətirirdi, mənə zülm edirdi

  • By admin
  • 19 Yanvar 2023 09:05

İdmanın kikboksinq növü üzrə uzun illər məşqçi olmuş Nurani Qalabəylinin qətlilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar başlayıb. Onun qətlinə görə məhkəmə qarşısına çıxarılan isə həyat yoldaşı Əfsanə Qalabəylidir.

Hadisə sentyabrın 2-də Əhmədli qəsəbəsində onların yaşadığı mənzildə baş verib.

36-yaşlı Əfsanə Qalabəyli deyir ki, uzun illərdir davam edən psixoloji və fiziki işgəncələrdən bezərək bu qətli törədib. Təqsirləndirilən qadının sözlərinə görə, həyat yoldaşı illərlə ona zülm edib:

“Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Özü də uşaqlar evdə ola-ola. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, yemək bişir, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə döyürdü, söyürdü…”

“Dözə bilmədim”

Qalabəylilərin birgə nikahdan 4 övladı (3 oğlu, 1 qızı) var. Təqsirləndirilən şəxs deyir ki, dəfələrlə ərinə övladlarının böyüdüyünü bildirib, bu cür hərəkətlərə son qoymasını istəyib. Amma əri dediklərinə zorakılıqla cavab verib:

“Hadisə günü də adam gətirmişdi. Dedim, bəsdi, ayıbdı. Dedi, “yaxşı eləyirəm”. Dözə bilmədim…”, – təqsirləndirilən Qalabəylinin sözləridir.

Onun 13 yaşlı oğlu E.Q. də yanvarın 18-də məhkəmədə dindirilərkən anasının dediklərini təsdiqləyib.

Hazırda Naxçıvanda orta məktəbin 8-ci sinfində təhsil aldığını deyən şahidin sözlərinə görə, əvvəllər Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi məktəbində oxuyurdu. O, həftənin 5 günü orada, 2 günü isə evlərində qalırdı:

“Evə gələndə döyülmək, söyülmək, pozğunluq görürdüm. Atam ailəsilə çox pis davranırdı. 5-6 yaşımdan o evdə qışqırıq, söyüş eşitmişəm. Evə adam gətirirdi, qapını bağlayırdı…”

Gəlinindən şikayəti yoxdur

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum Nurani Qalabəylinin atası tanınıb. O, məhkəmədə bildirib ki, gəlinindən şikayət və tələbi yoxdur.

Əfsanə Qalabəylinin ittiham olunduğu CM-in 120.1 (qəsdən adamöldürmə) maddəsində 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

1974-cü il təvəllüdlü Nurani Qalabəyli “Sərhədçi” idman kompleksində məşqçi kimi fəaliyyət göstərirdi.

Gununsesi.info