Qaçqın kampındakı davaya görə azərbaycanlı jurnalist saxlanılıb – Almaniyada

  • By admin
  • 02 Sentyabr 2019 13:14

Gununsesi.org AzEuroNews.com-a istinadən xəbər verir ki, Almaniyanın Deggendorf şəhərindəki qaçqın kampında baş verən kütləvi davaya görə daha bir nəfər – azərbaycanlı jurnalist, hazırda Almaniyada mühacirət həyatı yaşayan Azər Kazımzadə saxlanılıb.

Bu barədə AzEuroNews.com– Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

Əlövsət Əliyev / Foto © Fərahim İlqaroğlu / AzEuroNews.com

Onun sözlərinə görə, bu barədə ona Deggendorf Kriminal Polisindən zəng edərək məlumat veriblər: “20 avqust 2019-cu il tarixdə Deggendorfda afrikalılarla azərbaycanlılar arasında baş verən  kütləvi dava faktına görə jurnalist Azər Kazımzadəni saxladıqlarını bildirdilər. Bildiyiniz kimi həmin tarixdə Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı düşərgədə baş verən kütləvi dava faktına görə cinayət işi başlamış və davada iştirak edən dört  həmvətənimiz bu vaxta kimi həbs edilmişdi. Bu gün saxlanılan Azər Kazımyadə isə  haqlı olaraq vəkilsiz ifadə verməkdən imtina etdiyini bildirib. Daha sonra Azər mənimlə danışdı. O saxlandığını  təsdiq etdi. Hazırda cinayət hüququ üzrə ixtisaslaşan vəkillərlə danışıq aparıram və yaxın saatlarda ona vəkil tapmağa çalışacağam. Azər həmin hadisənin içştirakcısı deyil, orada olsa da insanları sakitləşdirməyə çalışıb.
Saxlanmasına səbəb,  hadisə vaxtı orada olan azərbaycanlı olmayan bir şəxsin ifadəsi əsasında saxlanılıb.  Azər Kazımzadənin kollektiv olaraq müdafiəsinə qalxmalı və  onun müdafiəsini kollektiv olaraq həyata keçirməliyik. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi  tanınmış jurnalist Azər Kazımzadənin  müdafiəsinə qoşulmağa dəvət edirəm”.
Məlumat üçün bildirək ki, ötən ay Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.
Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.

Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sərbəst buraxılıb.

Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla arşdırma aparır.