Oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.
Gununsesi.org xəbər verir ki, bu barədə APA-ya Dövlət Komitəsindən bildirilib. Məlumata görə, Komitə sədri yeni təyinatı münasibəti ilə səfiri təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş
ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmayıb. Münaqişənin həlli üzrə Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinin bu məsələdə mühüm əhəmiyyət daşıdığı, danışıqlar prosesində irəliləyişin əldə edilməsinə təsirinin vacibliyi diqqətə çatdırılıb. Komitə sədri qonaqların diqqətinə çatdırıb ki, Xocavənd rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin bu gün 27-ci ili tamam olur. Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı ilk soyqrımı cinayəti 1992-ci il fevralın 17-də məhz bu rayonunun Qaradağlı kəndində törədilib.
Bildirilib ki, Azərbaycan dövləti müharibə nəticəsində mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarının icrası davam etdirilir.
Dövlət Komitəsinin funksiyası, gördüyü işlər barədə qonağa ətraflı məlumat verilib.
Səfir Örl Litzenberger səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edib ki, iki dövlət arasında baş vermiş münaqişənin ən ağır faktoru insan amili, xüsusilə məcburi köçkünlərdir. Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğu vurğulanıb. Qeyd edilib ki, münaqişənin ilk illərində məcburi köçkün düşən azərbaycanlılara ABŞ müxtəlif yardımlar edib və dünyada, o cümlədən Azərbaycanda məcburi köçkünlər üçün bundan sonra da əlindən gələni etməyə hazırdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə münasibət bildirən səfir status-kvonun dayanıqlı olmadığına diqqət çəkib.
Bildirib ki, bu vəziyyət Ermənistan iqtisadiyyatına zərbə vurur, adamların ölkəni tərk etməsinə səbəb olur. Səfirin fikrincə, münaqişənin həlli Ermənistan iqtisadiyyatının inkişafına da şərait yaradar.
Görüş zamanı gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Gununsesi.org