Hökumət məcburi köçkünlərə tətbiq edilən güzəştlərin ləğvi məsələsində qətidir və yanvarın sonundək bu barədə rəsmi qərar qəbul olunacaq. Buna səbəb dövlət büdcəsində vəsait çatışmazlığıdır və hökumət məcburi köçkünlərin güzəştlərini ləğv etməklə büdcənin xərclərini azaltmağa çalışır.
Gununsesi.info koordinat.az-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən hazırlanmış sənəd artıq Prezident Administrasiyasında daxil olub. Lakin “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” adlı sənədə təklif olunan bəzi dəyişikliklərlə bağlı ciddio fikir ayrılıqlarlı var. Belə ki, Prezident Administarsiyası məcburi köçkünlərə verilən imtiyazların dövlətin maliyyə yükünü artırdığını əsas gətirərək sərt dəyişikliklərin və güzəştlərin birdəfəlik ləğvinin tərəfdarı kimi çıxış edib. Hətta Maliyyə Nazirliyinə yanvarın 1-dən məcburi köçkünlərin kommunal xidmət xərcləri üzrə ödənişlərini maliyyələşdirməmək barədə göstəriş verib. Elə narazılığa da səbəb bu olub. Güzəştlərin ləğvi barədə rəsmi qərar olmadan Maliyyə Nazirliyinə belə bir göstəriş verilməsi Nazirlər Kabinetinin rəhbərliyini, xüsusən də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən Baş nazirin müavini Əli Həsənovu qıcıqlandırıb.
Mənbənin bildirdiyinə görə, hökumətə rəhbərlik edən şəxslər, o cümlədən “Qaçqınkom” sədri Əli Həsənov məcburi köçkünlərin imtityazlarının ləğvi məsələsində ehtiyatlı mövqe tutaraq yumşaq dəyişiklərə gedilməsini təklif edib. Qeyd olunub ki, məcburi köçkünlər əhalinin ən həssas təbəqəsi kimi daim dövlətin himayəsində olmalıdır və indiki ağır iqtisadi çətinliklər şəraitində yemək xərclərinin və kommunal xidmətlər üzrə güzəştlərin ləğv edilməsi ölkədə ciddi sosial narazılığa səbəb ola bilər. Odur ki, dəyişikliklər paketi hazırlanarkən Prezident Administrasiyasından verilən şifahi təlimatlarda göstərilən şərtlərin hamsı nəzərə alınmayıb. Nəticədə Prezident Administrasiyasına təqdim olunan dəyişikliklər paketi yenidən işlənmək üçün geri qaytarılıb. Həmçinin məcburi köçkünlərin bəzi imtiyazlarının ləğvi üzrə dəyişikliklər paketini hazırlayan İşçi qrupuna sənəd üzərində işi qısa müddət ərzində başa çatdırmaq barədə qəti göstəriş verib. Əsas məqsəd isə odur ki, yeni dəyişikliklər yanvarın sonunadək təsdiq olunsun və ictimaiyyətə rəsmən elan edilsin.
Mənbə onu da bildirir ki, yeni dəyişikliklər məcburi köçkünlərin “çörəkpulu” adlanan aylıq yemək xərcləri və kommunal xidmətlər üzrə güzəştlərin tam şəkildə ləğvini nəzərdə tutmur. Burada da müəyyən koteqoriyalara ayrılmış məcburi köçkünlər var ki, onlar həmin güzəştlərdən əvvəlki qaydada bəhrələnə biləcəklər. Amma ümumilikdə bu dəyişikliklər məcburi köçkünlərin təxminən 70-72 faizini əhatə edəcək. Bu isə o deməkdir ki, məcburi köçkünlərin böyük əksəriyyəti dövlətin onlara verdiyi güzəştlərdən məhrum olacaq. İndiyədək “çörəkpulu” almaq hüquq olmayan məcburi köçkünlərin siyahısına aşağıdakılar da əlavə olunacaq:
-Daimi iş yeri olan və aylıq əməkhaqqı alan şəxslər;
-Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin xətti ilə yeni salınmış şəhərçiklərdə mənzillə təmin olunan şəxslər;
-Digər dövlət orqanlarının xətti ilə mənzil və fərdi evlərlə təmin edilən şəxslər;
-Adına mənzil olan (Şəxsi vəsaitlə alınmış və ya bağışlanmış) şəxslər;
Adına torpaq sahəsi olan şəxslər;
-Adına minik avtomobili olan şəxslər;
-2017-ci il yanvarın 1-dən doğulan məcburi köçkün uşaqlar.
Bundan başqa, məcburi köçkünlərə kommunal xərclər üzrə, dövlərin ayırdığı vəsaitlər də ləğv edilir. Bunun əvəzində kommunal xərclərə görə ayrılan vəsait ünvanlı şəkildə məcburi köçkünlərin özlərinə veriləcək. Bunun üçün hər bir məcburi köçkün ailəsinə adambaşına əlavə 10 manat ödəniləcək.
Xatırladaq ki, məcburi köçkünlərin imtiyazlarının ləğvi və kommunal xərclərə görə vəsaitlərin ünvanlı şəkildə onların özlərinə ayrılması məsələsi 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə tərəfindən gündəmə gətirilmişdi. Millət vəkili hökuməti məcburi köçkünlərin statusu məsələsinə yenidən baxmağa çağırmışdı: “Bu insanlar 25 ildir “məcburi köçkün” statusu ilə yaşayırlar, daha neçə il yaşamalıdırlar? Axı ötən dövrdə onların sosial təminat, mənzil məişət və məşğulluq problemlərinin həlli ilə bağlı kompleks tədbirlər görülüb. Ölkədə bütün çadır şəhərcikləri ləğv edilib, müasir infrastruktura malik yeni qəsəbələr salınıb, əksər qaçqın və məcburi köçkünlər evlər və mənzillərlə təmin ediliblər. Qaçqın və məcburi köçkünlər arasında işsizlik səviyyəsi 15 faizə enib. 25 il müddətdə həmin insanların övladları dünyaya gəlib, təhsil alıblar, ayrı-ayrı dövlət orqanlarında çalışırlar. Bütün bunları nəzərə alaraq qaçqın və məcburi köçkünlərin əvvəlki statusunun saxlanılması nə dərəcədə məqsədəuyğundur?…”
Elə həmin YAP-çı deputat Hikmət Babaoğlu da Milli Məclisdə oxşar bəyanatla çıxış etmişdi. Amma iki deputatın birdən-birə belə çağırış və bəyanatlarla çıxış etməsi təsadüfə oxşamırdı və cavab özünü çox gözlətməmişdi.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlunun məcburi köçkünlərin imtiyazlarının ləğvi barədə çağırışlarına sərt reaksiya vermişdi.
“Kimsə qaçqın və məcburi köçkünlərdən danışırsa, indiki mövcud vəziyyəti bilib danışmalıdır. Ən azı heç olmasa bu işi bilənlərə suallarla müraciət etməlidir. Son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir? Mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Amma yenə də ölkə başçısı əhalinin bu təbəqəsində xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır. Ümumiyyətlə, status siyasi və hüquqi məsələdir. Bu, beynəlxalq idarəçilk sənədidir. Onu biz milli qanunvericiliyimizə uyğun qəbul edərək, özümüzünkünə çeviririk. Qaçqın və məcburi köçkünlərə isə güzəşt dövlətin milli və daxili məsələdir. Burda kimsə deyə bilər ki, qaçqın və məcburi köçkünlərə güzəştlər statustdan doğur. Xeyr, bu statusdan irəli gəlməyə də bilər. Dövlətin öz işidir. Ona görə də bunları qarışdırmaq lazım deyil. Biz hər gün necə Ermənistan mətbuatını izləyiriksə ermənilər də bizimkini izləyir. Mən əminəm ki, növbəti beynəlxalq tədbirlərdə onlar deyəcəklər ki Azərbaycan tərəfi qaçqınların status məsələsinə baxmaq istəyir. Ona görə də belə həssas məsələlərdə diqqətli olaq. Axı, bilməyib soruşmaq eyib deyil? Biz bu gün 1 milyon 200 mindən çox artıq qaçqın və məcburi köçkünü niyə narahat etməliyik? Onlar onsuz da narahat və hər bir şeylərini itirmiş insandırlar. Bəlkə səsim uca çıxır, amma mən qışqırmaq istəmirəm. Sadəcə olaraq emosional insanam. Belə həssas məsələlərlə bağlı sakit danışa bilmirəm. Deputatların mediada açıqlaması ciddi narazıçılıq yaradıb. Problemi bilmədən, araşdırmadan mövqe bildirmək düz deyil. Baxmayaraq bu kateqoriya insanlar ölkənin ən zərif və həssas təbəqəsidir. Ölkə başçısı da bu təbəqəyə çox həssaslıqla yanaşır” – deyə, Əli Həsənov etiraz etmişdi.
Amma deyəsən, Baş nazirin müavinin bu etirazı nəticəyə təsir edə bilməyəcək. Hökumətin ayrı-ayrı strukturlarındakı mənbələr əminliklə bildirirlər ki, məcburi köçkünlərin imtiyazlarının çox mühüm hissəsinin ləğvini nəzərdə tutan sənəd artıq masa üzərindədir və onun təsdiqlənərək rəsmən elan edilməsinə günlər qalır. Bu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin özünün də bir struktur kimi ləğvi məsələsi müzakirə mövzusudur.
Gununsesi.info