Qaçqınların Ruandaya deportasiyası planı İngiltərəni qarışdırdı

  • By admin
  • 18 Yanvar 2024 13:43

Böyük Britaniyada sığınacaq axtaranların Ruandaya göndərilməsinə mane olan hüquqi etirazları dayandırmağı hədəfləyən qanun layihəsi Nümayəndələr Palatasında 276 əleyhinə 320 səslə qəbul edilib.

Gununsesi.info xəbər verir ki, BBC-nin məlumatına görə, hakim Mühafizəkarlar Partiyasından olan 11 deputat qanun layihəsinin əleyhinə səs verib. Qanun layihəsi Lordlar Palatasında müzakirə olunacaq.

Qanun layihəsinin Lordlar Palatasında sərt tənqid olunacağı gözlənilir. Lordlar bunu rədd edərsə, qanun layihəsi yenidən Nümayəndələr Palatasında müzakirə olunacaq.

Məlumatda qeyd olunur ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak səlahiyyət müddəti ərzində ilk dəfə lideri olduğu Mühafizəkarlar Partiyasının böyük müqaviməti ilə üzləşib. Onlarla deputat səsvermədən əvvəl qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə məhkəmələr tərəfindən yenidən bloklanması riskinin olduğunu əsas gətirərək, hazırkı formada ona qarşı çıxacaqlarını bildirib və layihədə dəyişiklik edilməsini tələb edib.

Sunak iddia edir ki, bəzi sığınacaq axtaranların Ruandaya deportasiyası kiçik qayıqlarla Manş boğazını keçərək Böyük Britaniyaya çatmağa çalışan immiqrantlar üçün maneə olacaq.

Ana müxalifətdəki Leyboristlər Partiyası bu plana qarşı çıxır və bunu “baha başa gələn fırıldaq” adlandırır.

İngiltərə Ali Məhkəməsi noyabr ayında hökumətin Ruandaya qaçqın göndərmək planının qanuna zidd olduğu barədə qərar çıxarmışdı. Buna cavab olaraq, hökumət Ruanda ilə sığınacaq prosesini gücləndirmək üçün Ruanda əyaləti ilə yeni bir müqavilə imzaladı və bu ölkənin “təhlükəsiz” olduğunu elan edən yeni bir qanun təklifi hazırlayıb.