Qadın 5 yaşlı uşaqla kilsəyə girərək, ətrafa atəş açdı

  • By admin
  • 12 Fevral 2024 11:26

 ABŞ-ın Texas ştatında çox sayda insanın olduğu bazar günü mərasimindən əvvəl böyük kilsəyə silahlı hücum olub.

Gununsesi.info xəbər verir ki, Hyuston şəhər mərkəzindən təxminən 10 kilometr aralıda yerləşən “Lakewood” kilsəsində Pastor Joel Osteen tərəfindən keçiriləcək ayindən dərhal əvvəl baş verən silahlı hücum böyük çaxnaşmaya səbəb olub. Hyuston Polis Departamentinin X sosial media hesabında yayılan açıqlamada əhalinin bölgədən uzaq durmağa çağırıldığı bildirilib.

Bildirilib ki, 30 yaşlarında olan qadın təcavüzkar əlində uzun lüləli tapança və yanında 5 yaşlı uşaqla kilsəyə girərək ətrafa güllə yağdırıb. Qadının üzərində bomba olduğunu deyərək kilsədəki insanları təhdid etdiyi də qeydə alınıb.

Hadisə zamanı təcavüzkarın yanında olan kiçik uşaq da daxil olmaqla iki nəfər yaralanıb. Səlahiyyətlilər ağır yaralanan uşağın təcavüzkarla əlaqəsini və hücumun məqsədini anlamağa çalışdıqlarını bildiriblər.

Hartford Dini Araşdırmalar İnstitutunun məlumatlarına görə, ölkənin 3-cü ən böyük kilsəsi olan “Lakewood” kilsəsində hər həftə bazar ibadətlərinə təxminən 45 min insan qatılır.

Maraqlıdır ki, silahlı hücumların tez-tez baş verdiyi ABŞ-da hücum edənlərin əksəriyyəti kişilərdir.

Gununsesi.info