QADIN GÜLƏRSƏ -Fazil Mustafa yazır

  • By admin
  • 06 Mart 2023 21:09

Şərqdə əsrlərdir tüğyan edən bir kampaniya var. Bu kampaniyanın adı: “Qadın ölərsə”dir. “Qadın ölərsə” demək, öncə onun ana bətnində ölümü deməkdir. Seleksiyalı abort vasitəsi ilə ana bətnində ölümüdür. Bu vəhşilik indiyədək müasir Azərbaycan cəmiyyətində bir sıra insanlar üçün Şərqli olmanın qürur əlamətlərindən biridir. Sonra qadının məişət zəminində ölüdürülməsi gəlir. Sonra çeşidli xəstəliklərdən ölümü gəlir. Burada söhbət qadının yalnız fiziki ölümündən getmir. Qızların təhsildən uzaqlaşdırılması da mənəvi ölümün bir növüdür. Erkən yaşda nikaha məcbur edilməsi də mənəvi ölümün bir növüdür. İqtisadi cəhətdən çevrədən asılılığı, işsizliyə düçar olması da mənəvi ölümün bir növüdür. Onun sosiallaşa bilməməsi, insan alveri qurbanına çevrilməsi, addımbaşı məişət zorakılığına, cinsi ayrı-seçkiliyə məruz qalması da mənəvi ölümün bir növüdür.

İndi Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Qadın gülərsə” kampaniyası “Qadın ölərsə” hədəfinə qarşı bir dirəniş kimi anlaşılmalıdır. Qadına şəxsiyyət qazandırmadıqca, onun şərəfi və namusu barədə ədəbi cümlələrin, metaforaların nə qədər süni səsləndiyini anlayacaqsınız. Şəxsiyyətli qadın, həm də ailənin namusunun qoruyucusudur, onun şərəfini ucaldan varlıqdır. Şəxsiyyəti isə sağlam təhsil və tərbiyə formalaşdırır, düşüncə azadlığı və özgüvən yetişdirir. İctimai-siyasi həyatın bütün sahələrində qadının rolunu qaldırmalıyıq, bu mədəni həyatımızın zənginləşməsi üçün vacib şərtdir. İnanın ki, qadın gülərsə, bir ailə güləcək, bir millət ümidli olacaq, bir övlad insanlara sevgi ilə böyüyəcək.

Qadın gülərsə, həm də işgəncə içində ölməyəcək. Qadın gülərsə, kişilərin də insanlara qarşı mərhəməti artacaq.

Bu cür sosial kampaniyalar bəyənilənndir, insanları bir daha ən vacib bir mövzu üzərində düşünməyə yönəldir.

Fazil Mustafa