Qadını paraşütsüz yerə atan kişilər! -TÜRKAN TURAN YAZIR

  • By admin
  • 04 May 2017 19:00

turk

Həyatımıza daxil olan insanlar təsadüf deyil. Nəinki daxil olanlar, hətta həndəvərindən keçənlər də… Varlığımıza sevinc və ya kədər, mütləq bir iz qatırlar.

Əgər bu insanlar arasında narsist olan varsa,  məsələ faciələşmiş sayılır. Məsələn: 1 ay belə adamla birlikdəsinizsə şanslısınız. 5 aya çatmısınızsa güclüsünüz. Münasibətlər 1 ilə çatıbsa,  keçmiş olsun, dəhşətli virus dayışıyırsınız.

Narsist insanlar ümumi işlədildikdə sakit görünür. Narsist kişi deyilirsə, təhlükə 1600 kilomtrlikdən hiss edilir.  Bu qəbildən olan kişilərə sıx-sıx rast gəlmək mümkündür. Narsist kişilər, özünü dəyərsiz hiss edən və ehtiyacı olan dəyəri,  başqaları üzərindən almağa çalışan şəxsdir. Onun üçün seçilmək çox əhəmiyyətlidir. Sevilməmək  ölümə bərabərdir.

Narsist insanlar potensial təhlükədir. Sevməyi bacarmamaq,  bağlanmamaq bu insanların xüsusiyyətidir. Dağıdıcı xarakterə sahibdirlər. Tsunami kimi hansı həyata daxil olurlarsa,  darmadağın,  alt-üst edib çıxırlar. Tsunaminin verdiyi zərərlərdən qısa müddətdə çıxmaq necə mümkün deyilsə, narsist insanların yaşatdığı tarvmaları da bərpa etmək  uzun vaxt alır.

On il əvvəl izlənmə rekordu qıran bir film vardı-Çağan Irmağın çəkdiyi, “Issız adam”.  Bu filmə bir neçə dəfə baxmışam. Amma o vaxt çəhrayı eynək arxasından baxdığım üçün əsas məsələdən uzaq qalmışdım. Bu günlərdə təkrar izlədim. Bu dəfə çılpaq gözlə. Əvvəl fikir vermədiyim səhnələrə diqqət etdim. Baş rol qəhrəmanı 10 il əvvəl baxdığım kimi cəlbedici yox, natamam, yarımçıq kişi idi.

Narsist insanlar özlərini daxilən dəyərsiz hiss edənlərdir. Bu ağrını aradan qaldırmaq üçün nəhəng aynalara ehtiyac duyurlar. Həmin güzgülər isə insanlardır, yəni şikarları. Bu insanlar kənardan güclü görünsələr də, iç dünyalarına girəndə, asılılığın daha çox olduğunu, başqalarına ehtiyaclarının daha böyük olduğunu görmək mümkündür.  “Aynaları”  yoxdursa, özlərini də yox kimi qəbul edirlər. Ona görə də daima “kimlərsə üçün qiymətli olmaq” axtarışına çıxırlar. Həmin insanı tapdıqda,  nəhəng aynalarına qovuşmuş olurlar.

Qiymətli ola bilməyin bir neçə yolu var: şan-şöhrət, sərvət  və təbii ki, eşq. Eşq varlığın təməlidir. Birinin həyatında olmaq üçün ən gözəl vasitə və səbəbdir. Amma, narsistlər üçün bu sadəcə kiminsə həyatına giriş kartıdır.

“Issız Adam ” filmində də bu özünü göstərir. Məsələn: elə ilk dəqiqələrdə sahibi olduğu restorana girir, əl çalır bütün işçiləri ətrafında toplanır. Həmin an ətrafına yığdığı işçilərinin hamısı onun üçün bir güzgü hökmünə keçir. Çünki insan əskiklik hiss edirsə, ona heyranlıq duyan insanların ətrafında olmasına ehtiyac duyur. Narsistlər bütün münasibətlərini son dərəcə peşəkar qururlar. Elə edirlər ki, ətraflarında bir heyranlıq meydana gətirib,  özlərini nəhəng aynalarında görə bilsinlər. Bu insanlar ətrafında olan bütün insanları, münasibətləri, sevgiləri öz varlıqlarını hiss edə bilmək üçün,  bir vasitə olaraq görürlər.

Belə kişilər qadınlara cəzbedici görünür. Çünki narsist kişilər, qarşısındakının gözündə dəyər qazanmaq üçün hər yola əl atırlar.

Zarafatcıl, xoş davranışlar, qarşısındakını önəmli hiss etdirən jestlər narsist şəxsiyyətdə həddən artıq görülür. Filmdə də bunu görmək mümkündür. Qızın ən sevdiyi kitabı tapır, ona yemək bişirir, gözlənilməz anda sürprizlər edir. Yəni qızı özünə aşiq edəcək formada davranır. Bütün bunları onun dünyasında əhəmiyyətli olduğunu, öz varlığını hiss edə bilmək üçün edir.

Qadın ona aşiq olduqda, narsist kişi üçün münasibətin bütün cazibəsi itir. Çünki burada bir daha öz nəhəng əks olunmasını görür. Bu xarakter sahibləri həmişə qiymətli olduqlarını hiss etdirmək asılılığından qurtula bilmirlər.

Yaraşıqlı, müvəffəqiyyətli bir narsist kişi qadınını uçurur. Ən azından münasibətin başlanğıcında. Birlikdə ola bilmək üçün hər cür taktikanı sınayır, hədiyyələr alır, sevgi sözləri, iltifatlar bir-birini təqib edir. Qəşəng restoranlarda yeməklər yeyilir, lüks otellərdə özəl günlər qeyd edilir. Şəhvəti ön planda saxlayır.  İlk günlər qadını xoşbəxtlikdən buludların üstünə çıxarır, sonra paraşütsüz aşağı tullayır.

Bu kişilər normal insanlar kimi üzr istəmək bacarığına sahib olmurlar. Qarşısındakını qırıb dağıtsalar da siyasətçi ədasıyla davranıb, üzürsüz davam edə bilirlər. Empatiya ilə bu adamlar arasında qala divarları qədər hündürlük var.

Narsist adamlarla münasibətin uzun olmağı təhlükəlidir. Çünki bu “artıq tək bir aynan olacaq” deməkdir. Başqa qadınlar olmayacaq. Qarşısındakı “mən səni istədiyin kimi göstərə, səninlə maraqlana, sənə əhəmiyyət verə bilərəm, sənə dəyər verib, varlığına dəyər də qata bilərəm” desə də, narsist kişi tək aynaya əsla razılaşmır.

O, bir deyil,  minlərlə qadının marağını istəyir. Dünyanın özünə ayna olacağını, möhtəşəm bir şəkildə onu əks etdirəcəyini düşünür. Filmdə də münasibət bu nöqtəyə gələndə,  narsist kişi hər şeyi itirir. Onu dəlicəsinə sevən qadını da. Əslində itirdiyinin fərqində olur, özünü yeni bədənlərlə, rəngli sekslərlə, fərqli qadınlarla doldurmağa cəhd edir. Amma, sadəcə, cəhd edir…

Bu adamlar üçün 40-50 yaş arası kritikdir. Bu dönəmdə yavaş-yavaş cazibələrini itirirlər. Həmin vaxta qədər daimi və sağlam münasibət qura bilmədikləri üçün,  yalnız olduqlarını acı bir şəkildə fərq edirlər. Depressiyaya girirlər. Əksəriyyəti həyatlarını yalnız keçirməyə məhkum olur. Onları sağaldacaq olan sevgi,diqqət,maraq,mərhəmət,şəfqət, səmimi və həqiqi münasibətdir. Çünki münasibətlər insanı formalaşdırır. Təbii ki, fədakarlıq edəcək qədər sevgi varsa…

Ümumiyyətlə, bir şeylə yetinməyib, çox şeyin arxasınca qaçarkən, hər şeyi itirmək insanın ən böyük fəlakətlərindəndir. Özünüzü dəyərsiz, sevgisiz, tərkedilmiş, quru ağac kimi hiss etmək istəmirsinizsə, bu adamlardan, xüsusilə də narsist kişilərin həyatından dabanınıza tüpürüb qaçın.

Türkan Turan

Gununsesi.info