Qafqaz danışıqları üzrə müşavir istefa verdi

  • By admin
  • 05 Yanvar 2023 10:12

Amerikalı diplomat Filip Riker ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarla bağlı baş müşaviri vəzifəsini tərk edir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı bildirib.

“Bu gün biz səfir Filip Rikerin yanvarın 5-dən etibarən Qafqaz danışıqları üzrə Baş müşavir vəzifəsindən getdiyini elan edirik. Səfir Riker 30 ildən artıqdır ki, Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi və Londondakı səfirliyimizin müvəqqəti işlər vəkili kimi ABŞ Dövlət Departamentinə, o cümlədən xalqa sadiqliyini və xidmətini göstərib”, – Prays bildirib.

Onun sözlərinə görə, Rikerin Qafqazda danışıqlar üzrə baş məsləhətçi kimi fəaliyyəti əlaqələri sürətləndirib və Cənubi Qafqaz kimi problemli regionda sülh prosesinin qurulmasına kömək edib.

O vurğulayıb ki, Rikerin gedişi heç bir halda ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə xələl gətirmir.

“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək və Qarabağla bağlı bütün həll edilməmiş məsələlərin həlli yollarını tapmaq üçün həmfikir tərəfdaşlar və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdirir”, – Prays əlavə edib.

Dövlət Departamenti adından Prays Rikerə uğurlu fəaliyyətinə görə təşəkkür edib və ona karyerasının növbəti mərhələsində uğurlar arzulayıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken 2022-ci il avqustun sonunda səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Riker bu vəzifəni icra etdiyi müddətdə Bakı ilə İrəvan arasında dialoq qurmaq üçün vasitəçi kimi regiona səfər edib.

Gununsesi.info