“Qafqaz dayanıqlı sülhə heç vaxt bu qədər yaxın olmayıb” -Vüqar Bayramov

Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilən görüş bir sıra vacib məqamlarla fərqləndi. Tərəflər sülh müqaviləsinin hazırlanması üçün daha sistemli razılığa gəldilər. Hətta xarici işlər nazirlərinin bir ay ərzində görüşməsi və sülh müqaviləsinin mətninin ilkin forması üzərində işləməsi də razılaşdırıldı. Bu kifayət qədər vacib razılaşmadır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

HTML tutorial

O qeyd edib ki, Qafqaz dayanıqlı sülhə heç zaman bu qədər yaxın olmayıb. Vüqar Bayramov əlavə edib ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir:

“Bəyanatda minadan təmizləmə və itkin düşənlərlə bağlı məsələlər də xüsusi qeyd olunur. Avropa İttifaqı, həmçinin minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində səylər Brüssel tərəfindən dəstəklənir və ittifaq bu məsələdə aktiv olmaq niyyətindədir. Aydındır ki, Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir”.

Milli Məclis üzvünün sözlərinə görə, son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır:

“Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün əldə olunmasına xidmət edir. Digər tərəfdən həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərir. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı prosesin daha da intensivləşməsinə xidmət edir”.

Vüqar Bayramov daha sonra deyib:

“Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur. “Qarabağ münaqişəsi” və hətta “münaqişə” sözlərinin bir dəfə də işlədilmədiyi son bəyanat artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”.

Gununsesi.info