Qalıq pulların qaytarılması problemi ilə bağlı iş aparılır - MAİS AĞAYEV

  • By admin
  • 22 Dekabr 2016 15:44

mais

Bakı Nəqliyyat Agentliyinin vahid ödəniş sistemi tam tətbiq olunduqdan sonra “Bakı Kart” terminallarında qalıq pulların qaytarılması mümkün olacaq. Bunu dekabrın 21-də Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

Vahid ödəniş sisteminə keçilmə tarixiylə bağlı Gununsesi.info-nun sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, vahid ödəniş sisteminə nə zaman keçiləcəyi ilə bağlı indidən konkret bir vaxt söyləmək mümkün deyil: “Hazırda Bakı şəhərində xeyli sayda nasaz avtobuslar var. Bu avtobuslar yeniləri ilə əvəzləndikdən sonra, konkret olaraq bir vaxt söyləmək mümkündür. Biz istəyirik ki, nasaz avtobuslar yenilənsin və ondan sonra vahid ödəmə kart sisteminə keçək”-deyə, o, söyləyib.

M.Ağayevin sözlərinə görə, vahid ödəmə kart sisteminə keçid prosesi isə uzun çəkməyəcək: “Bu arada sahibkarları da nəzərə almaq lazımdır. Onların maddi baxımdan bu avtobusları yenilənməsinə imkanlarının çatıb-çatmamasını da nəzərə almaq lazımdır. Doğrudur, burada önəmli olan sərnişinlərin təhlükəsizliyidir. Lakin, bu məsələdə heç bir kompromis ola bilməz. Sahibkarın maddi durumunun yaxşı olub-olmamasında aslı olmayaraq, avtobuslar saz vəziyyətə gətirilməlidirlər. Amma buna baxmayaraq, sahibkarlara müəyyən güzəştlər, imkanlar yaradılır ki, onlar həm maddi bazalarını, həm də avtobuslarını yeniləyə bilsinlər”.

Mais Ağayev “BakıKart” terminalları quraşdırılan zaman 17 ölkənin təcrübəsindən istifadə olunmasına da aydınlıq gətirib. O qeyd edib ki, konkret olaraq hansı ölkələrin təcrübəsindən istifadə olunması ilə bağlı dəqiq fikir söyləyə bilməyəcək: “Amma bu sahədə Azərbaycana yaxın olan ölkələrin təcrübəsi öyrənilir”, – deyə o sözlərinə əlavə edib.

Vətəndaşların qalıq pullarının qaytarılması zamanı “BakıKart” terminallarından “pul xırdalama” aparatı kimi istifadə edə biləcəklərinə gəlincə isə M.Ağayev bildirib ki, hazırda bununla bağlı iş gedir: “Bu bir layihədir. Hələlik dəqiq bir vaxt müəyyənləşdirilməyib. Hazırda bu istiqamətdə iş aparılır. Hökumət tərəfindən layihə qəbul olunarsa, o zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Anar
Gununsesi.info