Qalmaqallı müdafiə naziri İSTEFA VERDİ

  • By admin
  • 16 Yanvar 2023 13:41

Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Kristin Lambrext rəsmi olaraq istefa ərizəsini Almaniya kansleri Olaf Şoltsa təqdim edib.

Qeyd edək ki, Almaniyada Kristina Lambrextlə bağlı qalmaqallar çox olub. Bu səbəbdən alman cəmiyyətində onun reytinqi çox aşağıdır.

Rəy sorğuları göstərir ki, ölkə vətəndaşlarının 60 faizi onun istefasını istəyir. Nazir Yeni il gecəsində yazdırdığı təbrik videomüraciətində Ukraynada gedən müharibəni xatırladıb, lakin bu müraciət atəşfəşanlıq tədbirləri fonunda yazıldığı üçün Lambrext qışqıraraq danışmalı olub.

Tənqidçilərin fikrincə, çox uğursuz alınmış videomüraciət Bundesverin nüfuzuna xələl gətirir. Nazirin oğlunun hərbi helikopterdə çəkilmiş fotoşəklinin dərc edilməsi də etirazlara səbəb olub.

Hazırda Almaniyada müdafiə naziri postuna yeni təyinatın olunacağı barədə müzakirələr gedir. Bu vəzifəyə əsas namizəd kimi Almaniya federal kanslerinin departament rəhbəri Volfqanq Şmidtin adı hallanır.

Mümkün namizədlər arasında Almaniya Sosial Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl də var. Nəşr Almaniyanın hazırkı əmək və sosial məsələlər naziri Hubertus Heilin müdafiə naziri postunu tuta biləcəyini istisna etmir.

Gununsesi.info