Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı - VİDEO

  • By admin
  • 13 Aprel 2023 12:06

Bakı şəhərinin Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin direktoru işdən çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə, bu gün Xətai rayonu 3 nömrəli uşaq evində Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbərinin və məsul əməkdaşlarının uşaq evinin kollektivi ilə görüşü keçirilib.

Qeyd olunub ki, müəssisənin rəhbərliyində dəyişiklik edilərək bu vəzifəyə Gülnarə Şəmiyeva təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhərinin Xətai rayonu 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. O deyib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.

Daha sonra şikayəti edən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb. Daha sonra həkim də işdən çıxarılıb.

Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər.

Gununsesi.info