Qanunsuz erməni hərbi birləşmələrinə qarşı istintaq davam etdirilir

  • By admin
  • 04 Aprel 2022 13:15

Azərbaycan Respublikası Hərbi Prokurorluğu məlumat yayıb.

Prokurorluqdan Gununsesi.info-ya verilən məlumatda deyilir:

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkar edilmiş kütləvi məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi və molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilmiş və digər zəruri hərəkətlər yerinə yetirilib.

Ermənistan Respublikasının Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Gununsesi.info