Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Gununsesi.info -nun sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 2 330 manat məbləğində cərimələnib”, – deyə qurum rəsmisi əlavə edib.