Qanunsuz sərnişin daşıyan mikroavtobusun sürücüsü SAXLANILDI

  • By admin
  • 28 Mart 2021 19:57

COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabinetinin Novruz bayramı günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qəbul etdiyi qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində Lənkərandan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.

Lənkəran rayon sakini S.Xudiyevin xüsusi karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılarkən orada 15 sərnişinin olduğu müəyyən edilib.

S.Xudiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib edilib.

Gununsesi.info