Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki proqramını təqdim edərkən deyib.
O, bildirib ki, uzunluğu 1155 kilometr olacaq ötürücü kabel Avropaya elektrik enerjisinin ixracına imkan verəcək, həmçinin Avropa ilə internet əlaqəsini daha sürətli edəcək.
“Bu layihənin həyata keçirilməsi çox vacibdir. Bizim tərəfdaşlarımız konkret ölkələrdir: Rumıniya, Azərbaycan, Macarıstan. Bu çox mühüm layihə onlarla tərəfdaşlıq şəraitində həyata keçiriləcək”, – deyə İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, 2022-ci ilin 17 dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb.
Rumıniyanın paytaxtı Buxarestdə baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb. Kotroseni sarayında (Rumıniya Prezidentinin rəsmi iqamətgahı) baş tutan imzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edib.
Gununsesi.info