“Qara Yanvar” Azərbaycanla Türkiyənin ortaq acısıdır- TÜRKİYƏLİ PARLAMENTARİ

“Qara Yanvar” Azərbaycanla Türkiyənin ortaq acısıdır

“28 il öncə, yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının azərbaycanlı qardaşlarıma qarşı törətdiyi qətliam Türk dünyasının yaşamış olduğu ən acı günlərindən biri kimi tarixə düşüb”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə-Azəbaycan parlamentlərarası dostluq qrupunun türkiyəli həmsədri, millət vəkili Necdet Ünüvar 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı açıqlamasında deyib.

Onun  sözlərinə görə, bu qanlı olay zamanı 143  dinc insan həyatını itirərək şəhidlik zirvəsinə yüksəlib: “Bakıya hücum edən imperialist qüvvələr iqr, din, məzhəb ayrıseçkiliyi etmədən, uşaq-böyük, qadın, yaşlı bilmədən qarşısına çıxanlara divan tutaraq qətliam həyata keçirdilər. Bu təqliamla onlar Azərbaycanı yenidən öz nəzarətləri altına almağa çalışdılar. Lakin bu qətliamlar Azərbaycanın müstəqilliyi yolunda hər hansı əngələ çevrilə bilmədi. O zaman Bəxtiyar Vahabzadə həmin gecəni belə xatırlatdı. Sovet qoşunları müasir silahlarla Bakıya girərək Azərbaycanın müstəqilliyi və onu gözləyən təhlükələrə qarşı küçələrə çıxan əliyalın insanları atəşə tutdu. Bakı küçələrini qızıl qana boyadı. 200 ilə yaxın torpağımızı sümürənlər, “qara qızıl” olan neftimizi sorub satanlar sonda qanımızı da küçəyə tökdülər. Lakin bu xalqın iradəsini sarsıtmadı”.

Türkiyəli deputat bildirib ki, sovet  ordusunun niyyəti Bakıda xalqa divan tutmaqla sovetlər birliyinə daxil olan digər xalqlara bir “dərs” vermək idi: “Ancaq sovet ordusunun vəhşiliyi milli azadlıq uğrunda mübarizə aparanları yolundan döndərə bilmədi, Azərbaycan 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. SSRİ çökdü. O günlər bu gün bizim bir fəxarət və qürur yerimizə çevrilib”.

N.Ünüvar onu da  deyib ki, “Qara Yanvar” təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin acısıdır.

Mürtəza

Gununsesi.info

COMMENTS