Qarabağ əlili ölümündən sonra bəraət aldı - POLİS POLKOVNİKİ BARƏSİNDƏ ARAŞDIRMA APARILACAQ

Qarabağ döyüşlərində sağlamlığını itirmiş ikinci qrup əlil Müşfiq Vəliyev ölümündən sonra bəraət alıb. Söhbət narkotik ittihamı ilə bağlı bəraətdən gedir. Vəliyev deyirdi ki, polislər onu şərləyib, üstündən tapıldığı iddia olunan narkotikin ona heç bir aidiyyəti yoxdur. Onun ölümündən sonra məhkəmə də bu nəticəyə gələrək ona bəraət verib.

Müşfiq Vəliyev Gəncə şəhər sakini idi. Onu Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tutub. Cinayət işinin materiallarında iddia olunur ki, saxlanılanda üstündən 6 qram marixuana, 4.3 qram heroin tapılıb. Ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham verilmişdi. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

HTML tutorial

Səhhətindəki problemlərə görə Vəliyev istintaq və məhkəmə dövründə həbsdə saxlanmamışdı. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Bu iş üzrə məhkəmə araşdırmaları 1 ilə yaxın çəkdi. Məhkəmə prosesinin gedişində – 2022-ci ilin yayında Vəliyev vəfat etsə də, onunla bağlı məhkəmə prosesi davam etdirildi və oktyabrın 17-də bəraət hökmü çıxarıldı.

Təzyiq iddiaları

Vəliyev məhkəmədə ifadə verərkən bildirmişdi ki, təzyiq altında narkotik ittihamını üzərinə götürüb, etiraf ifadəsi verib. O, məruz qaldığı təzyiqlərə görə özəlliklə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəis müavini polkovnik-leytenant Şahin Musayevin adını çəkirdi. Deyirdi ki, saxlanmasında da Musayev iştirak edib. Amma cinayət işinin materiallarında, protokollarda Musayevin bu əməliyyatda iştirakı haqda heç nə yox idi.

Məhkəmə Musayevi çağırıb dindirəndə o, etiraf edib ki, Vəliyevin tutulmasında iştirak edib. Lakin təzyiqlər haqda deyilənlərlə razılaşmayıb.

Bu cinayət işində adı keçənlərdən biri də hazırda Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin (keçmiş Nizami rayon Polis İdarəsi) rəisi olan Xanlar Məmmədovdur. İş materiallarında onun Gəncə şəhər Baş Polis İdarəsinin rəisinə yazdığı raport var. O, raportda şübhəli şəxs kimi Vəliyevin tutulub gətirilməsi üçün rəhbərlikdən icazə istəyir. İyunun 16-da yazılmış raport bir gün sonra – 17-də qeydiyyatdan keçib. Raport qeydiyyatdan keçib rəisə çatmamış Vəliyevi tutub gətirirlər.

Polis polkovniki haqqında araşdırma aparılacaq

Məhkəmə bütün bu ziddiyyətləri nəzərə alaraq Vəliyevin təqsirsiz olması qənaətinə gəlib. Ölümündən sonra ona bəraət verməklə yanaşı, həm də polkovnik Şahin Musayev haqqında araşdırma aparılması üçün xüsusi qərar da çıxarıb.

Mərhum Vəliyevin yaxınları deyir ki, baxmayaraq ki, o, həbsdə deyildi, baş verənlər səhhətinə pis təsir göstərmişdi: “Stress, əsəb nəticəsində qıcolmaları yaranmışdı son vaxtlar…”.

Qarabağ əlili tutulanda adları çəkilən polis vəzifəlilərindən Xanlar Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi idi. Şahin Musayev isə o dövrdə bu idarənin əməliyyat müvəkkili vəzifəsində çalışırdı. 2022-ci ilin iyun-iyul aylarında hər ikisinin vəzifəsi artırılıb. Musayev əməliyyat müvəkkili olduğu idarəyə rəis müavini təyin edilib. Məmmədov isə Gəncənin 1-ci polis şöbəsinə rəis göndərilib.

Gununsesi.info