Qarabağ ətrafındakı beş rayon Azərbaycana qaytarılacaq - Aleksandr Duqin

  • By admin
  • 10 Avqust 2016 17:31

03

 

“Regionda Azərbaycan-Rusiya-İran və Azərbaycan-Rusiya-Türkiyə yaxınlaşması ilə Azərbaycan-Türkiyə-Rusiya-İran birliyi yaranır”.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki,  Kremlin ideoloqu  Aleksandr Duqin bu haqda açıqlamasında deyib. O, bildirib ki, bu birliyi  “Avrasiya qövsü” kimi dəyərləndirir. Duqin  bu qövsə Ermənistanı da əlavə edib. Ermənistanın bu qövsə daxil edilməsi isə Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Duqin açıqlamasında bildirib ki,  ilkin olaraq Qarabağ ətrafında 5 rayon Azərbaycana qaytarılacaq.

Qeyd edək ki,  bu gün Moskvada Putin-Sarkisyan görüşü gündəmə gəlib. Ehrimal edilir ki,  Putin Moskvada Sarkisyanı münaqişənin həllinə razı salacaq. Rusiyanınbu məsələdə irəli sürdüyü formul belədir: “İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan beşi ilkin mərhələ olaraq, Azərbaycana qaytarılır. Qarabağa aralıq status verilir. Daha sonra iki rayonun qaytarılması məsələsinə baxılır. Qaçqın və məcburi köçkünlərin qayıdışı təmin olunur. Son nəticədə, Dağlıq Qarabağın yekun statusu həll edilir”.

Ermənistan mətbuatı  bu gün keçiriləcək Sarkisyan-Putin görüşünü ərazilərin qaytarılmasına startın verilməsi kimi qiymətləndirir. Erməni mətbuatı iddia edir ki,  ilkin olaraq, Qarabağ ətrafındakı beş rayon Azərbaycana qaytarılacaq. Ermənilər hesab edir ki, Rusiya “Avrasiya qövsü”ndə Azərbaycanı körpü olaraq seçib: “İki gün öncə Bakıda üçtərəfli görüş keçirilib. Dünən isə Putin Ərdoğanla görüşüb. Onun üç prezidentlə nələri razılaşdırdığı isə məlum deyil. Lakin bu gün Sarkisyanla görüşdə beş rayonun qaytarılması məsələsini həll etməyə çalışacağı da istisna deyil”.

Qeyd edək ki, Putin-Sarkisyan görüşünün bu gün günün ikinci yarısı, ya da  axşam saatlarında baş tutacağı gözlənilir.

Gülnaz Qənbərli

Gununsesi.info