İyun ayının 9-da İstanbulda təşkil olunan və beşinci dəfə keçirilən Etnospor Mədəniyyət Festivalının açılışı olub.
Gununsesi.info-nun xəbərinə görə, Türkiyə, Azərbaycan, Qazaxıstan, İordaniya, Yaponiya, Paraqvay, Mərakeş, Moldova, Qırğızıstan, Tacikistan, Qambiya, Meksika, Liviya kimi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 60 nəfərlik heyətdən ibarət süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.
Festival çərçivəsində onun təşkilatçısı Dünya Etnospor Konfederasiyasının Prezidenti Bilal Erdoğan və Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev arasında görüş keçirilmiş, bu mədəniyyət festivalına dəvətə görə Türkiyə tərəfinə minnətdarlıq bildirilmiş, tanınmış heykəltaraşımız Hamlet Musayevin “Qarabağ ailəsi” adlı əsəri hədiyyə edilib.
Bilal Erdoğan Azərbaycan nümayəndə heyətinin festivala qatılmasından şərəf duyduğunu, təmsilçilərimizin bu tədbirlərdə artıq ənənəyə çevrilən möhtəşəm çıxışlarından çox məmnun olmasını, Qarabağ atlarının növbəti dəfə bütün izləyiciləri valeh etməsini qeyd etmişdir. Görüş zamanı cari ilin sentyabr ayında Etnospor Mədəniyyət Festivalının Azərbaycan Respublikası ərazisində keçirilməsi məsələsi müzakirə olunub.
Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin mühüm hissəsi olmaqla maddi-mədəni sərvətimiz sayılan, ecazkar gözəlliyi və valehedici xüsusiyyətləri ilə seçilən Qarabağ atları üzərində təmsilçilərimizin festivalın açılış günündə nümayiş etdirdikləri xüsusi şou-kompozisiya tamaşaçılar tərəfindən böyük heyranlıqla və sürəkli alqışlarla qarşılanıb.
Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək.
4 gün ərzində keçiriləcək bu tədbirlərdə bir milyondan artıq insanın iştirakı gözlənilir.
Gununsesi.info