“Qarabağ” “Barselona” və “Real”ı qabaqladı

“Qarabağ” cərimə meydanının mərkəzindən qapıya zərbə endirən klublar siyahısında “Barselona” və “Real Madrid”i qabaqlayıb.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü 63 liqası ilə bağlı araşdırmalarının nəticələri açıqlanıb.

Cari mövsümün oyunlarının nəzərə alındığı siyahıya “Sportinq” başçılıq edir. Portuqaliya klubu penalti nöqtəsi yaxınlığında hamıdan güclüdür. Lissabon klubu bu sahədən hər matçda orta hesabla 9.09 zərbə endirib, rəqiblərinə isə 2.18 belə fürsət verib. “Sportinq”in üstünlüyü 6.91-ə bərabər olub. “Şanxay Port” 6.56 zərbə ilə ikinci, “Bavariya” isə 6.00 zərbə ilə üçüncü yeri tutublar.

Azərbaycan klublarının göstəriciləri də məlum olub. İki təmsilçimiz ön sıralardadır.

“Qarabağ” dünyada 25-ci olub. Ağdam klubu 3.92 zərbəlik üstünlük qazanıb. Qurban Qurbanovun yetirmələri hər oyunda 6.67 dəfə təhlükəli nöqtələrdən zərbə endiribsə, rəqiblərinə 2.75 zərbəlik fürsət verib.

“Qarabağ”ın CIES-in siyahısındakı qonşuları PSJ (4.00) və “Qalatasaray” (3.91) klublarıdır. “Cim-Bom” kimi “Ayaks” (3.73), “Portu” (3.70), “Liverpul” (3.55) və “Atalanta” da (3.50) çempionumuza həsəd aparırlar.

“Sabah” (3.31) siyahıda 51-ci olub. “Barselona” (3.15) və “Real” (2.00) kimi nəhənglər də təmsilçilərimizə həsəd aparırlar.

Azərbaycan Premyer Liqasının digər klublarının göstəricilərinə gəlincə, “Turan Tovuz” 1.46, “Araz-Naxçıvan” 1.25-ə malikdir. Digər 10 komandada isə bu rəqəm mənfidir. Yəni rəqiblər daha çox qol fürsəti əldə ediblər. Antirekord isə “Səbail”ə məxsusdur (-4,23). Bu, 63 liqalıq siyahıda ən pis göstəricidir.

Qeyd edək ki, davam edən çempionatlarda cari mövsüm, başa çatanlarda isə son turnir nəzərə alınıb.

Gununsesi.info