Qarabağ Dirçəliş Fonduna yığılan vəsait necə idarə olunur? - AÇIQLAMA

  • By admin
  • 21 Noyabr 2023 14:20

Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev bu günlərdə AzTV-dəki çıxışında Fonda 1.5 milyard pul yığılması barədə danışıb.

Onun bu çıxışından sonra sosial şəbəkələrdə bu vəsaitlərin necə və haradan toplanması barədə suallar yazılıb.

Müqayisə üçün bildirək ki, Koronavirus Fonduna yığılan vəsait hər bir vətəndaş üçün əlçatan idi, bu məlumatlar həmin fondun saytındakı bazada açıq görünürdü. 

Ancaq həmin vaxt Fondun saytında bu barədə məlumata rast gəlinmədi.

Bundan əlavə, Fondakı pulun gəlirli səhmlərə yatırılması şəffaflığına dair də suallar var. İctimai vəsaitlərin idarə olunmasından söhbət gedirsə, o zaman konkret rəqəmlər nədən açıqlanmır?

Gununsesi.info-nun sorğusuna cavab olaraq, Qarabağ Dirçəliş Fondundan bildirilib ki, hazırda Qarabağ Dirçəliş Fondunun (QDF) əmlakı nizamnamə fondundan, fiziki və hüquqi şəxslər tərəfindən köçürülən könüllü ianələrdən və Fondun investisiya fəaliyyətindən əldə olunan gəlirdən ibarətdir.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş Nizamnaməyə əsasən, QDF-in əmlakı “nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

Bildirilib ki, Nizamnamə fondu QDF-in nizamnamə fondu Azərbaycan Respublikasının Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına formalaşan və 1 (bir) milyon manat təşkil edən məbləğdən ibarətdir. Nizamnamə fondundan istifadə olunmur və bu məbləğ dəyişməz olaraq Fondun müvafiq bank hesabında saxlanılır.

Qeyd edilib ki, QDF-ə dövlət büdcəsi hesabına hər hansı digər vəsaitin ayrılması baş tutmayıb.

İanələr Fonda edilən ianələrin məbləği 2021 – 2022-ci illər ərzində 1,206,726,183 manat təşkil edib və Fondun müvafiq maliyyə hesabatlarında əksini tapıb.

Fondan bildirilib ki, hazırda investisiyalar yalnız Maliyyə Nazirliyi tərəfindən buraxılan müxləlif müddətli (maksimum 5 ilə qədər) dövlət istiqrazlarına yatırılır.

Yaradıldığı tarixdən etibarən əlavə dəyər yaratmaq məqsədilə Fond ianə hesabına formalaşan sərbəst vəsaitlərinin bir qismini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin risksiz, müxtəlif müddətli dövlət istiqrazlarına yerləşdirməkdədir.

Qeyd olunmalıdır ki, investisiya fəaliyyəti Fondun Müşahidə Şurasının təsdiq etdiyi “İnvestisiya siyasəti”nə uyğun olaraq, yalnız yuxarıda qeyd olunan aşağı riskli, sabit gəlirli maliyyə alətlərinə (dövlət qiymətli kağızlara) yatırım etməklə həyata keçirilir.

Bu günə qədər hər hansı səhmlərə və ya digər alətlərə investisiyalar edilməyib.

Hazırda Fondun fəaliyyətinin maliyyələşdirilməsi (həyata keçirilən layihələr və əməliyyat xərcləri daxil olmaqla) məhz bu investisiyalardan əldə edilən mənfəət hesabına həyata keçirilir.

Fonddan bildirilib ki, 2021-ci ildə investisiya fəaliyyətindən əldə olunan gəlir 9,198,829 manat, 2022-ci ildə isə 34,454,187 manat olmaqla ümumilikdə 43,653,016 manat təşkil edib  və bu məbləğin növbəti illərdə daha da artacağı gözlənilir.

Bununla bağlı məlumatlar Fondun müxtəlif tədbirləri, rəsmi internet səhifəsi və müxtəlif media subyektləri vasitəsi ilə ictimaiyyətə təqdim olunub:

“Eyni zamanda, Fondun maliyyə vəziyyəti və investisiyaları ilə bağlı daha ətraflı məlumatları aşağıda qeyd olunan maliyyə hesabatlarında əldə etmək mümkündür.

Fond şəffaflığın qorunması məqsədilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditorun (“PwC Azərbaycan” şirkəti) müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) rəsmi səhifəsində dərc edir və ictimaiyyətə təqdim edir”, – deyə Fonddan bildirilib.

2021-ci və 2022-ci illər üzrə hesabatlarla aşağıdakı keçiddə tanış olmaq mümkündür:

Qeyd edilib ki, Fondun maliyyə hesabatları müvafiq tarixə uyğun maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.

Gununsesi.info