“Qarabağ ermənilərinin bütün öhdəliklərini yerinə yetirmələrini gözləyirik” -Elçin Əmirbəyov

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.

Elçin Əmirbəyov müsahibəsində Azərbaycan ərazisində həyata keçirilən lokal antiterror tədbirlərinin nəticələrindən və Qarabağın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası prosesindən danışıb.

“Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin bütün öhdəliklərini yerinə yetirmələrini, ilk növbədə silahlı birləşmələrin buraxılmasını və silahlarını yerə qoymalarını, Ermənistanın işğalçı qüvvələrinin qalan hissəsinin isə suveren ərazimizdən çıxarılmasını gözləyir”, – deyə o qeyd edib.

E.Əmirbəyov bildirib ki, Qarabağda humanitar vəziyyət getdikcə yaxşılığa doğru gedir, çünki həm Laçın yolu, həm də Ağdam yolu aktiv şəkildə fəaliyyət göstərir. O xatırladıb ki, dünən ölkənin mərkəzi hakimiyyət orqanları Xankəndiyə qida və gigiyena məhsullarının olduğu dörd yük maşını humanitar yardım göndərib. Bundan əlavə, Rusiya sülhməramlıları da humanitar yardımı çatdırıblar.

“Biz bu əhalinin bütün zəruri ləvazimatlarla təminatını davam etdirmək niyyətindəyik. Yaralıları çıxaran Beynəlxalq Qızıl Xaç Komitəsi ilə aktiv şəkildə işləyirik. Hesab edirik ki, Qarabağın erməni sakinlərinin bütün digər ehtiyacları qarşılanacaq, o cümlədən elektrik enerjisi və istiliklə təmin ediləcəklər”, – deyə Prezidentin nümayəndəsi qeyd edib.

Elçin Əmirbəyovun sözlərinə görə, Yevlaxda keçirilən görüş ona görə çox mühüm idi ki, bu bizə Qarabağın erməni sakinlərinin nümayəndələrini Qarabağın dinc erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı fikirlərimizlə təfərrüatlı şəkildə tanış etmək imkanı verdi.

“Proses başlayıb və biz ümid edirik ki, vəziyyət sabitləşəcək, Azərbaycan torpağında sülh bərqərar olacaq”, – deyə o vurğulayıb.