Bu gün Çempionlar Liqasında
start veriləcək.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” bu raundda ilk qarşılaşmasına çıxacaq.
Təmsilçimiz öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək. İlk rəqibi Gürcüstan “Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyasını davam etdirməyə iddialıdı.
Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış edən “Qarabağ” əvvəlki cəhdlərində “ilişdiyi” III təsnifat mərhələsini keçməklə tilsimi qırmağa çalışacaq. Bunun üçün ağdamlılar Bakıdakı ilk görüşdə sərfəli nəticə əldə etməlidi. Düzdü, “Şerif” ilk mərhələdəki rəqib qədər zəif deyil. Lakin Tiraspol təmsilçisi də “Qarabağ”ın məğlub edə biləcəyi rəqibdi. Azərbaycan futbolunda bir sıra ilklərə imza atan əyalət klubu Çempionlar Liqasının pley-offuna çıxmaqla da tarixə düşə bilər.
Növbəti ildən avrokubokların formatının dəyişəcəyini və Çempionlar Liqasının qrupuna aparan yolun daha da çətinləşəcəyini nəzərə alsaq, “Qarabağ” bu dəfəki imkandan yararlanmalıdı. Təbii ki, “Şerif” də asanlıqla təslim olmayacaq. Albaniya “Kukesi”sini səfər qolu ilə (1:0, 1:2) ilə keçən tiraspollular qrupa can atır.
“Qarabağ” kimi 3 dəfə Avropa Liqasının qrupunda oynayan Moldova çempionu bu uğurunun təkrarını təmin etmək üçün təmsilçimizə müqavimət göstərməyə çalışacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
25 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
Baş hakim: Sergey Sinkeviç (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Gununsesi.info