Qarabağ məskənləri üçün Amerikan modul evləri - SABİQ NAZİR YAZIR

  • By admin
  • 08 Noyabr 2022 13:37

Həm xarici görünüşü, həm də daxili rahatlığı ilə seçilən Amerikan stilli modul evləri işğaldan azad edilmiş şəhər və kəndlərdə quraşdırmaq hər mənada sərfəlidir. Həmin evlər dəmir konstruksiyalardan, taxta, plastik və sendviç termik panellərdən yığılır, həm də çox məsrəf tələb etmir.

Onları quraşdırmaq üçün ətraf mühitə ziyanlı və bahalı olan daşa, sementə, betona çox ehtiyac qalmır. Texnolojisi sənaye üsulu ilə tətbiq edilərsə, bir kəndi və ya qəsəbəni çox qısa müddət ərzində yaşayış binaları ilə və digər mülki və sənaye obyektləri ilə inşa etmək olur.

Dünya praktikasında mövcud olan yüksək və eyni zamanda çox sadə texnolojilər hesabına belə evləri özünü alternativ elektrik enerjisi ilə, istiliklə, soyutma ilə, bio-qaz ilə təmin edə bilən, məişət tullantılarını emal edən “ağıllı evlərə” çevirmək mümkündür.

Hər kəndin və qəsəbənin öz stili, arxitektura üslubu ilə inşa edilməsi, hətta fasad və damlarının özəl rəngləri olması… görün bütün bunlar Vətəni necə yaraşıqlı, insanımızı necə sevincək və qürurlu edə bilərdi.

Bunlarla bərabər, sənaye müəssisələrində, tikinti-quraşdırmada minlərlə Qarabağ camaatı daimi işlə təmin edilərdi.

Hələ, bu yaraşıqlı və rahat evlərin yerləşdiyi kəndlərdə “Mişelin” uduzlu yüksək dərəcəli mətbəx və xidməti olan yerli ailə turizmini təşkil etməyin insanlarımıza verəcəyi rifahı da deyilənlərin üstünə gəlsək… ölkənin kəndinə yeni həyat, yeni yüksəliş və rifah verməyin nə olduğunu təsəvvür etmək olardı.

Və bu söylədiklərim fantastika deyil… Təki, uzun illər qaçqın və köçkün həyatı yaşamış və bu evlərin gələcək sakinləri olacaq insanlara bu dövlət və milli əhəmiyyətli işi həyata keçirən şəxslərdə dərin məhəbbət və qayğı hissi olsun.

Qüdrət Qulu
Keçmiş Xarici İqtisadi Əlaqələr naziri
8 Noyabr 2022-ci il