

“ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlıdır, çünki bu münaqişənin tezliklə həlli həm Azərbaycana, həm də regiona rifah gətirəcək”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricit Brink Vaşinqtonda ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümünə həsr olunmuş toplantıda səsləndirib.
Toplantıda xanım B.Brink Azərbaycanla ABŞ arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edərək bildirib ki, ABŞ-da 2001-ci il 11 sentyabr terror aktlarından sonra Azərbaycanın ABŞ-a dəstək elan edən ilk dövlətlərdən olduğunu xatırladıb.
Hazırda iki ölkə arsındakı çoxşahəli əməkdaşlığa toxunan B.Brink xüsusilə enerji təhlükəsizliyini xüsusi qeyd edib.
B. Brink Dövlət katibi cənab Reks Tillersonun ABŞ-ın Cənub Qaz Dəhlizinin reallaşmasına sadiq qaldığını, bu layihədə Azərbaycanın aparıcı rolunun təqdir edildiyi, bu layihənin Avropaya həqiqi diversifikasiya, əlavə qaz mənbəsi və həcmi gətirdiyini xatırladıb.
Öz növbəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta öz çıxışında ölkəmizlə geniş sahədə əməkdaşlığın, o cümlədən iqtisadi və biznes əlaqələrinin vacibliyini vurğulayıb.

Konqresdə Azərbaycan İşçi Qrupunun həmsədri Stiven Kohen öz çıxışında Azərbaycanla ABŞ arasında tərəfdaşlığın əhəmiyyətini qeyd edərək, Azərbaycanın regionda həyata keçirdiyi vacib rolu vurğulayıb. S.Kohen ölkəmizin İsraillə əməkdaşlığını təqdir edib. O, Azərbaycanla ABŞ arasında tərəfdaşlığın dərinləşməsinin vacibliyini də vurğulayıb.
Nyu Hempşir ştatının keçmiş qubernatoru, Corc Buşun prezidentliyi dövründə Ağ Evin aparat rəhbəri və ABŞ-ın tanınmış siyasətçisi Con Sununu Azərbaycanla əməkdaşlığı təqdir edərək, ölkəmizin xüsusi əhəmiyyətli coğrafi yerləşməsindən və Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətindən danışıb. O, Azərbaycan-ABŞ tərəfdaşlığının irəli aparılmasının vacibliyini qeyd edib.

Bundan sonra Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermiş nümayəndələrin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırılanlar Konqres üzvləri Stiven Kohen və Bill Şuster, ABŞ Dövlət katibinin enerji məsələləri üzrə sabiq xüsusi elçisi Amos Hokştayn, Nyu Hempşir ştatının keçmiş qubernatoru Con Sununu, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, həmçinin Boeing, BP, Chevron, Paşa Bank və SOCAR şirkətlərinin nümayəndələri olub.
Qeyd edək ki, martın 1-də Vaşinqtonda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar eksklyuziv ziyafət keçirilib. Zyafətdən öncə isə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş illik konfrans keçirilib.
Konfransda ABŞ administrasiyasının nümayəndələri, o cümlədən Dövlət katibinin köməkçisi və beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi vəzifələrini icra edən səfir Meri Vorlik və Ticarət katibinin köməkçisinin birinci müavini Holi Vinyard tərəfindən Azərbaycanın strateji əhəmiyyəti, ABŞ-ın Azərbaycanla tərəfdaşlıqda marağlı olması, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsi və Cənub Qaz Dəhlizinə ABŞ-ın birmənalı dəstəyini ifadə ediblər.
Həmçinin, konfransda çıxış edən ABŞ-ın aparıcı ekspertləri arasında Azərbaycanın strateji əhəmiyyəti, Ermənistan-Azərbaycan münaqişəsinin ən qısa zamanda həllinin əhəmiyyəti, Azərbaycanla daha əlverişli və konstruktiv siyasətin aparılmasının vacibliyinə dair razılığa gəlinib.
Sözügedən ziyafətdə çoxsaylı ABŞ administrasiyasının yüksək rütbəli nümayəndələri, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Müdafiə Departamenti, Kommersiya Departamenti, Enerji Departamenti, Kənd Təsərrüfatı Departamenti, ABŞ Ticarət Palatasının rəsmiləri, Konqres üzvləri, Vaşinqtonda akkreditə olunmuş səfirlər, sabiq dövlət xadimləri, biznes dairələri, düşüncə mərkəzləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Mürtəza
Gununsesiinfo