“Qarabağ” Premyer Liqada növbəti dəfə qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Gununsesi.info xəbər verir ki, günün ikinci oyununda “Qarabağ” “Kəpəz”i qəbul edib.

HTML tutorial

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin qollarını 16-cı dəqiqədə penaltidən Ramil Şeydayev, 76-cı dəqiqədə Musa Qurbanlı, 79-cu dəqiqədə Kvabena Ovusu vurub. Gəncə klubunun heyətində 75-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. 88-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib.

Bu nəticədən sonra xallarının sayını 36-a çatdıran “Qarabağ” liderliyini qorulub. “Kəpəz” 8 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, günün ilk görüşündə “Sabah” səfərdə “Səbail”i iki cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında “Şamaxı” səfərdə “Turan Tovuz”a 3:1, “Qəbələ” evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib, “Sumqayıt” – “Neftçi” matçı isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Gununsesi.info