“Qarabağ” “Slovan”ı oynu Bakı Olimpiya Stadionunda keçirilə bilər

  • By admin
  • 30 Avqust 2016 12:35

qarabag

Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının başlama saatları müəyyənləşib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, ilk olaraq, evdə Ağdam komandası görüş keçirəcək.

Çexiya “Slovan”ı ilə sentyabrın 15-də nəzərdə tutulan qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da (Avropa vaxtı ilə saat 17:00-da) başlanacaq. Qarşılaşmanın Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağı bildirilir. Amma “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mərkəzi arenanın ot örtüyünün bərbad vəziyyətdə olması səbəbindən görüşün ya Bakı Olimpiya Stadionu, ya da “Dalğa Arena”da baş tutacağını bildirib.

“Qəbələ” isə sentyabrın 29-na təsadüf edəcək II turda ilk rəqibini qəbul edəcək. Almaniya “Maynts”ı ilə görüşə də saat 19:00-da start veriləcək. Qarşılaşma “Bakcell Arena”da oynanılacaq.

III turda “Qarabağ” Yunanıstan PAOK-u ilə 20 oktyabr saat 19:00-da, IV turda “Qəbələ” Fransa “Sent-Etyen”i ilə 3 noyabr saat 22:00-da qarşılaşacaq.

Noyabrın 24-də IV turda “Qəbələ”nin Belçika “Anderlext”i ilə, dekabrın 8-də VI turda “Qarabağ”ın İtaliya “Fiorentina”sı ilə ev oyunları saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan ərazisində yay və qış vaxtlarına keçid ləğv olunduğundan, oktyabrın 30-na keçən gecədən etibarən Mərkəzi Avropa ilə vaxt fərqi 3 saata yüksələcək. Bu səbəbdən, başlama saatlarında dəyişiklik edilib.

Gununsesi.info