Qarabağ və Şərqi Zəngəzur turizmin drayverinə çevriləcək

  • By admin
  • 23 Mart 2022 11:40

Novruz Bayramında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Qarabağ turizm potensialına görə fərqlənən bölgələrimizdəndir:

“Əlverişli iqlimi və relyefi ilə yanaşı Qarabağ və Şərqi Zəngəzur həm də tarixi ilə turistlər üçün cəlbedicidir. Suqovşan da böyük turizm potensialı baxımından fərqlənən bölgələrimizdəndir.

İşğaldan azad olunmuş Kəlbəcər rayonu, Şuşa şəhəri Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regional ərazilərdən hesab edilir. Çünki bu ərazilərin yay, qış, tarixi, dini, mədəni həmçinin, müalicəvi turizm potensialı böyükdür. Eləcə də, digər azad edilmiş ərazilərdə də turizm potensialı yüksək qiymətləndirilir.

Məsələn, ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarası turistləri cəlb edəcək məkanlardandır. Güman olunur ki, bu, bərpa prosesindən sonra ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərəcək”.

Deputatın sözlərinə görə, pandemiyadan əvvəl, 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 3.2 milyon nəfərədək yüksəlmişdi:

“İşğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir. Eyni zamanda, daxili turizmin gəlirlərinin yüksələcəyi və Ümumi Daxili Məhsuldakı payın artacağı proqnozlaşdırılır. Pandemiyadan əvvəl il ərzində 5 milyondan artıq vətəndaşımız turist kimi xaricə gedirdi. İndi isə onların bir qisminin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyi proqnozlaşdırılır. Bu da valyutanın ölkədə qalmasına imkan yaradacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzur növbəti dönəmdə turizmin inkişafında yeni drayverə çevriləcək”.

Gununsesi.info