Qarabağa “Böyük Qayıdış” -Zəngilan forumu dünya şəhərsalma sisteminə töhfə verəcək - FOTO

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Forumda çıxış edən Azərbaycan Prezidenti bildirib ki, Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar: “Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir”.

Milli Məclisin deputatı Emin Hacıyev Gununsesi.info-ya bildirdi ki, Zəngilan forumu dünya şəhərsalma sisteminə töhfə verəcək.

Kirayədə yaşayan deputat Emin Hacıyev kimdir?

Onun sözlərinə görə, sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi mühüm önəm kəsb edən hadisədir:

“Ölkəmiz artıq dünyada beynəlxalq konfransların, platformaların həyata keçirildiyi bir məkan kimi tanınır. Qeyd edim ki, ilk şəhərsalma forumu ötən il Ağdam şəhərində keçirilmişdir. İkincisi işğaldan azad edilmiş Zəngilan şəhərində keçirilmiş bu forumda dünyanın 53 ölkəsindən ümumilikdə 400 iştirakçının qatılması forumun beynəlxalq səviyyədə əhəmiyyətinin göstəricisidir. Belə ki, müxtəlif ölkələrdən gələn nüfuzlu şəxslər burada iştirak edərək Azərbaycanda baş verən proseslərin və aparılan quruculuq işlərinin şahidi olmaq imkanı əldə edirlər.

Forumda çıxış edən cənab Prezident iştirakçılara Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə intensiv olaraq apardığı bərpa-quruculuq işləri, qısa zamanda inşa edilən binalar və açılan yeni iş yerləri barədə ətraflı məlumat verdi. Cənab Prezidentin toxunduğu önəmli məqamlardan biri də Böyük Qayıdış proqramı və uzunillik işğal dövründə beynəlxalq ictimaiyyətin biganəliyi və erməni işğalını gözardı etməsi idi. Azərbaycanın ardıcıl səylərinə baxmayaraq  BMT Təhlükəsizlik Şurasının ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edən 4 qətnaməsi heç vaxt icra olunmadı. İkinci Qarabağ müharibəsinin başlanması təkcə erməni işğalıyla deyil, dünya ictimaiyyətinin də bu məsələni sülh yolu ilə həllinə biganə yanaşmasıyla bağlı idi”.

Deputat qeyd edib ki, Vətən müharibəsindəki qələbəmizdən sonra da ziddiyyətli bəyanatlardan əl çəkməyən Ermənistan höküməti ölkələrimiz arasında münasibətlərin normalaşması prosesini gecikdirməyə davam edirdi:

“Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edən Ermənistanın rəhbəri qondarma rejimin rəhbərini “müstəqillik günü” ilə bağlı təbrik edirdi. Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçıların fəaliyyətləri bu ərazilərdə növbəti tədbirlərin aparılmasını qaçılmaz edirdi. Sentyabrın 19-da Ali Baş Komandanın rəhbərliyi ilə 24 saat çəkən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Biz Qafqazda sülh, sabitlik istəyirik və bunun üçün çalışırıq”.

“Bu gün Azərbaycan dövləti mümkünsüzü mümkün edir. Qarabağ işğaldan azad olunmaqla yanaşı sürətli şəkildə inşa edilir, cənnətə çevrilir.  Ötən gün Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi etdi. Qarabağda keçirilən ikinci  Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etmişdir”.

Bunu Gununsesi.info-ya Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov: Prezidentin Basqal səfərindəki açıqlamaları bir növ bütün sualların cavabı idi

Onun sözlərinə görə, hazırda sıfırdan yeni şəhər və kəndlər inşa edilir.

“Dövlətimiz Qarabağda müasir texnologiyalar tətbiq edərək keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradır. Bildiyiniz kimi Zəngilan ilk işğaldan azad olunan və elə Böyük qayıdışın ilk köçünün də reallaşdığı bölgələrimizdəndir. Artıq Zəngilanda  keçmiş məcburi köçkünlər evlərinə qayıdıb”,- o qeyd edib.

M.Cəfərov əlavə edib ki, ən sevindirici hal Böyük köçdə, hətta heç zaman öz Vətənini görməyən gənc nəsil belə iştirak edib:

“Onlar öz ata-baba yurdlarına geri dönmək üçün can atırlar. Danılmaz həqiqətdir ki, Azərbaycan xalqı yurd, vətən həsrəti ilə yanıb tutuşur.

Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından vacib faktor olacaq.

Gələcəkdə bu bölgədə turizm baxımdan böyük şanslar olacaq. Beləliklə gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Zəngilan Azərbaycanın ən gözəl guşələrindəndir. Azərbaycan hökuməti bütün gücüylə Qarabağa həyatı qaytarır”.

 

 

Şəbnəm Rəhimova
Gununsesi.info