“Qarabağ danışıqları dayandırılsın” - “QARABAĞA QAYIDIŞ” İCTİMAİ BİRLİYİ TƏLƏB EDİR

“Qarabağa Qayıdış” İctimai Birliyi Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlə bağlı bəyanat yayıb.

Adıçəkilən təşkilatdan Gununsesi.org-a daxil olan bəyanatda bildirilir:

Son iki gündə Azərbaycanın tarixi torpaqları hesabına özlərinə dövlət qurmuş Ermənistan dövlətinin silahlı qüvvələri Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində təxribata əl ataraq atəşkəsi iriçaplı silahlardan istifadə etməklə pozmuşdur. Atəşkəs nəticəsində silahlı qüvvələrimizin 10-dan çox hərbi qulluqçusu, o cümlədən 1 nəfər General, 1 nəfər Polkovnik-leytinant, 2 nəfər Mayor, 1 Gizir, qalanı sıravi  və 1nəfər  mülki yaşlı vətəndaşımız Şəhid olmuş, bir neçə nəfər isə ağır yaralanmışdır.  İctimai Birliyimiz adından Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik.

Artıq ermənilərin 20% torpağımızı işğal etməsinə 30 il dözümlü münasibət göstərməyimiz, Beynəlxalq Təşkilatların yalançı sülh danışıqları ilə xalqımızı oyalaması erməniləri şirnikləndirmiş və əlavə olaraq həyasızcasına belə təxribatlara əl atmağa sövq etmişdir. Bunun əsas səbəbi isə hazırkı dövrdə dövlətimizin sülpərvər mövqe nümayiş etdirərək kəskin addımlar atmamasıdır. Hesab edirik ki, artıq sülh danışıqları dayandırılmalı, BMT-nin məlum qətnamələrini dövlətimiz icra edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü özü təmin etməlidir. Buna xalqımız və ordumuz tam hazırdır.

Yuxarıda qeyd edilənlərə əsasən “Qarabağa Qayıdış” İctimai Birliyi bəyan edir ki;

  • Sülh danışıqları tamamilə dayandırılsın;
  • Ölkə üzrə yaşı 20-45 arası olan kişilərə münasibətdə səfərbərlik elan edilsin;
  • Qarabağ və Naxçıvan istiqamətində düşmənə qarşı əks hücum əməliyyatı keçirərək işğal olunmuş torpaqlarımızı azad etmək üçün antiterror əməliyyatı başlansın;

 

    “Qarabağa Qayıdış” İB                  

    14.07.2020-ci il

 

Gununsesi.org