Qarabağda əkin aparılacaq torpaq sahələrinin HƏCMİ

“İşğaldan azad olunan bölgələrdə ağıllı kənd təsərrüfatı texnologiyalarından istifadə olunacaq. Buna ağıllı fermalar, ağıllı əkinçilik texnologiyalarının tətbiqi daxildir”.

Bunu Modern.az-a açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

HTML tutorial

Direktor bildirib ki, ilkin qiymətləndirilmələrə görə azad olunmuş ərazilərimizdə təqribən 155 min hektarlıq torpaq sahəsi əkin dövriyəsinə cəlb
olunacaq:

“Bu da təqribən indiki əkin nisbətinə uyğun olaraq, 100 min hektarda taxıl məhsullarının, o cümlədən buğdanın əkiləcəyi gözlənilir. Eyni zamanda, orada yem bazasını formalaşdıracaq”.

F.Fikrətzadənin sözlərinə görə azad olunmuş bölgələrdə heyvandarlığın bərpası hesabına ət və südlə özünetəminetmə göstəriciləri yüksələcək.

O həmçinin qeyd edib ki, ümumilikdə sözügedən ərazilər heyvandarlıq regionu olacaq.

Bağçılıq ənənələrinə gəldikdə isə direktor deyib ki, həmin ərazilərdə yeni bir trend kimi intensiv meyvə bağlarının salınması həyata keçiriləcək:
“Belə bağlarda xüsusilə gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvə bağlarının salınması nəzərdə tutulur”.

F. Fikrətzadə tərəvəzçilik sahəsində Ağdam və Füzuli rayonlarının adlarını xüsusilə vurğulayıb:

“Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılıq, dağətəyi ərazilərdə isə tütünçülük ənənələri bərpa olunacaq”.

Yeni trendlərin başqa hansı sahələrdə gözlənildiyilə bağlı sualımıza gəlincə isə direktor bildirib ki, heyvandarlıq, xüsusilə arıçılıq sektorunun inkişafında yeni trend yaranacaq.

Direktor sonda onu da qeyd edib ki, ötən il qoyunçuluq təsərrüfatının yaylağa çıxarılması, arıçılıq təssərüfatının həmin bölgələrə aparılması bizim o torpaqlara qayıtmağımızın mesajı idi.

Gununsesi.info