Qarabağda erməni separatçıları nə qədər silah təhvil verib? - AÇIQLAMA

  • By admin-2
  • 25 Sentyabr 2023 08:59
silahlar erməni təhvil

Rusiya sülhməramlılarının nəzarəti altında Qarabağda erməni silahlı dəstələri 6 ədəd zirehli texnika, 1200-dən çox atıcı silah, tank əleyhinə silahlar və MANPADS, 130 minə yaxın döyüş sursatı təhvil verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti sentyabrın 24-nə olan məlumatlara istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və Xankəndi şəhərləri ilə dinc əhaliyə münasibətdə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı əlaqə saxlanılır.

Atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.

Məlumatda bildirilir ki, eyni zamanda, rus sülhməramlıları Qarabağın mülki əhalisi üçün humanitar yüklərin çatdırılmasını təmin edib. Ümumilikdə 125 ton ərzaq, 65 ton yanacaq-sürtkü materialı gətirilib.

Rusiya sülhməramlı kontingenti 402-si uşaq olmaqla 715 mülki vətəndaşı qəbul etməkdə davam edir. Onların yaşayışı, qidalanması və tibbi xidməti təşkil olunur.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində başlatdığı lokal antiterror tədbirləri nəticəsində erməni hərbçilər təslim olublar. Sentyabrın 20-də 13:00-da Rusiya sülhməramlılarının vasitəçiliyi ilə atəşkəs elan olunub. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

 

Səid Əhmədli
Gununsesi.info