“Qarabağda həyəcanverici vəziyyət yaranmışdı, dayandırıldı” – Rəsmi Moskva

  • By admin
  • 14 Dekabr 2020 14:31

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Dağlıq Qarabağda həyəcanverici bir vəziyyət yaşansa da problem tez bir zamanda həll edilib.

Gununsesi.org qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. O, baş verənlər barədə az məlumatlı olduğunu, Rusiya tərəfinin vəziyyəti izlədiyini bildirib.

“Verə biləcəyimiz bütün məlumat bundan ibarətdir. Gerçəkdən, həyəcanverici bir vəziyyət yaranmışdı, amma tez bir zamanda həll edildi”, – Peskov qeyd edib.

Xatırladaq ki, dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyi birgə məlumat yayaraq bildirmişdi ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olmuş və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanmışdı. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb.

Gununsesi.org