Qarabağdan çıxan ermənilərin sayı açıqlandı Qarabağdan Ermənistana 97 min 735 nəfər gəlib.
Gununsesi.info erməni mediasına istinadən bildirir ki, bu barədə Baş mazirin mətbuat katibi Nazeli Bağdasaryan deyib. Onun sözlərinə görə, bunlardan 74 min 382 nəfəri qaçqın kimi qeydiyyatdan keçib.
Onun sözlərinə görə Həkəri körpüsündən 20 min 609 nəqliyyat vasitəsi keçib.
İşçi qrup Xankəndi şəhərinə səfər edəcək
Sentyabrın 29-da Yevlax şəhərində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüşdə Azərbaycanın təqdim etdiyi reinteqrasiya planının müzakirə edildiyi bildirilir.
Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycanın müvafiq dövlət qurumlarının mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görməsi istənilib:
“Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal, digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.”
Bu məlumata, hələlik, Qarabağda erməni əhalisinin təmsilçilərinin münasibəti bəlli deyil.
Bir müddət öncə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Azərbaycan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.
İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.
Gununsesi.info