“Bu gün Qərb dövlətləri müasir müstəmləkəçilik siyasətləri ilə bir çox insanlıq əleyhinə cinayətlərin təşkilatçılarıdılar. Onların “demokratiya ixracı” imperializm siyasətinin örtüyüdür. Fransa təkcə Afrikadakı 14 keçmiş müstəmləkə ölkəsindən “müstəmləkə vergisi” olaraq illik təmxinən, 400-500 milyard dollar qazanc əldə edir. Bu ölkələr Benin, Burkina Faso, Kot d`İvuar, Qvineya, Mali, Niger, Seneqal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabondur. Onlar öz illik gəlirlərinin 85%-ni Fransa Bankına köçürməyə məcburdular. Geri qalan 15%-ni isə öz daxili ehtiyacları üçün xərcləyirlər. Sonra Fransa Xəzinəsindən borclanırlar. Yelisey etirazçı hökumətləri dərhal devirir, belə ki, son 50 ildə 26 Afrika ölkəsində 67 çevriliş hadisəsi baş verib.
Hazırda 13 dənizaşırı ərazini də öz müstəmləkəsi kimi idarə edən Fransa Yeni Kaledoniya adasında da bənzər müstəmləkə siyasəti yürüdür.
1853-cü ildən bəri Fransanın müstəmləkəsi olan, 270 minlik əhalisi olan Yeni Kaledoniya Sakit Okeanda yerləşən ada dövlətidir. Yerləşmə məntəqəsi onun Hind Okeanı və Sakit Okeanı arasında keçid məntəqəsi olaraq strateji əhəmiyyətini artırır. Ümumiyyətlə, böyük dövlətlərin bu cür ada dövlətlərdən istifadə edərək Hind-Sakit okeanı hövzəsində “kiçik ada strategiyaları” qurduğu bəllidir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən “Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş elmi konfransda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“Bu strategiya imperial maraqların təminatçısı olaraq burada hərbi bazaların yerləşdirilməsi ilə mümkün olur. Bu gün Yeni Kaledoniya Fransanın Sakit Okeanda hərbi gücünün cəmləşdiyi əsas məkanlardan biridir. Burada hazırda 1600 fransız hərbçisi yerləşir və iqtisadi istismarı həmin güclər vasitəsilə təmin olunur. Fransa bu zonalarda indiyədək yüzlərlə nüvə sınaqları keçirib və ərazi çirklənib. Yeni Kaledoniya zəngin dəniz məhsulları və nikel yataqları ilə tanınır. Dünyanın nikel ehtiyatlarının 25%-i burada yerləşir.
Ümumiyyətlə, Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizəsi indiyədək 3 dəfə səsvermənin keçirilməsinə səbəb olsa da, guya yerli əhali müstəqilliyə səs verməyib. Ən son 12 dekabr 2021-ci ildə Yeni Kaledoniya müstəqillik üçün referendum keçirib və 96,5% əhali “yox” cavabı vermişdi. Fransa adada hərbi-iqtisadi imkanlarını itirməkdən qorxduğu üçün tələm-tələsik “referendum” təşkil etmişdi. Lakin nəticələr reallığı əks etdirmir. Belə ki, Yeni Kaledoniyada müstəqillik uğrunda son 2024-cü ilin mart ayında təşkil olunan etiraz mitinqində 32 min nəfər iştirak etmişdir. Bundan öncə 2023-cü ilin noyabr ayındakı bənzər mitinqdə 10 min etirazçı vardı.
Bu mitinqlərdə Azərbaycan bayrağının ucaldılması təbii və məntiqi hadisədir. Çünki ona qədər müxtəlif dairələrdə aşkar eqoizmlə qarşılanan belə əlaqələr indi səfirlərinin geri çağırılmasında səbəblərdən biri kimi vurğulanır. Yeni Kaledoniyanın müstəqillik uğrunda hərəkatının canlanmasında Azərbaycanın 44 gündə qazandığı parlaq Qələbənin təcavüzə məruz qalan bütün dünya xalqlarına təsirinin rolu danılmazdır. Qarabağın azadlığı ilə Cənubi Qafqazı koloniyasına çevirməyə çalışan bir çox dövlətlərə, o cümlədən, Fransanın maraqlarına zərbə vurulub. Xankəndinin azadlığı Yeni Kaledoniyanın müstəmləkədən qurtulmasına da zəmanət verir. Ona görə də rəsmi Paris Ermənistandan koloniya düzəldərək, onun üzərində Qafqazda istimarçı-monopoliyanı qoruyub saxlamağa çalışır. Lakin neokolonializmlə mübarizəyə Azərbaycanın töhfəsi 44 günlük Qurtuluş savaşında olduğu kimi uğurlu nəticə verəcəkdir”,-deyə o bildirib.
Gununsesi.info