“Qardaşlıq Məzarlığı”nda torpağın götürülməsi mərasimi - FOTOLAR

  • By admin
  • 04 Dekabr 2019 15:59

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunması ilə bağlı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Məbədi tarixi-memorial kompleksində ümumi Qələbəyə töhfəsini vermiş sovet əsgərlərinin dəfn olunduğu yerlərdən götürülmüş torpaq nümunələrinin qoyulması həyata keçiriləcək.

Gununsesi.org xəbər verir ki, bununla əlaqədar olaraq Rusiyanın Azərbaycandakı Səfirliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən “Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi baş tutub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov və səfirliyinin əməkdaşları, YAP Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyev, digər rayonların icra hakimiyyətlərinin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Fizuli Salahov, Müdafiə Nazirliyinin əməkdaşları, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şahmar İbadov Böyük Vətən müharibəsində altı yüz mindən çox azərbaycanlının iştrak etdiyini və onlardan yarısından çoxunun Vətən uğrunda canlarından keçdiyini qeyd edib. Ş.İbadov həmçinin vurğulayıb ki, bütün cəbhə boyu yaralananların müalicəsi Azərbaycandakı hospitallarda həyata keçirilib. Bu xəstəxanalarda həyatını itirən əsgər və zabitlərin bir hissəsi məhz Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” kompleksində dəfn olunublar.

Daha sonra icra başçısının birinci müavini Ş.İbadov torpaq nümunələrini M.Boçarnikova təqdim edib və tərəflər müvafiq protokol imzalayıblar.

Yekunda mərasim iştirakçıları “Qardaşlıq Məzarlığı” memorial kompleksində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, onların xatirəsini ehtiramla yad ediblər.





Gununsesi.org