Qarlı hava bu gün kimlərin suyunu, qazını, istiliyini kəsdi?

  • By admin
  • 10 Yanvar 2023 19:42

Son iki gündür regionlarda və Bakıda qarlı hava şəraiti müşahidə edilir. Ölkə üzrə kommunal sahədə əhaliyə göstərilən xidmətin səviyyəsini ölçmək üçün qurumlara sorğu ünvanladıq.

Ötən gün və hazırkı saata qədər əhalinin kommunal xidmətlər üzrə təchizatında hər hansı problem olub, yoxsa yox?

Gununsesi.info bu barədə Oxu.Az-a istinadən qurumlardan gələn müvafiq cavabları təqdim edir:

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurumun əhaliyə göstərdiyi xidmət stabil olaraq davam edir:

“Bütün regionlarda, mənbələrdə əhalinin içməli su ilə təminatında heç bir problem qeydə alınmayıb. Mənbələrdən zəruri miqdarda su ehtiyatı götürülür, abonentlərə çatdırılır. Kiçik lokal qəzalar qeydə alınır.

Ötən gün paytaxtın Nəsimi, Səbail rayonlarında kiçik lokal qəzalar baş verib, əməkdaşlarımız tərəfindən problem operativ şəkildə aradan qaldırılıb. Xətlərin don vurması ilə bağlı Nəsimi, Yasamal rayonları, Qusar rayonu və Abşerondan dünən və bu gün səhər saat 09:00-a qədər yeddi müraciət daxil olub. Məsələ ilə bağlı aidiyyəti üzrə həmin xətlərə baxış keçirilib”.

“Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı isə bildirib ki, təmsil etdiyi qurum tərəfindən əhaliyə göstərilən xidmət səviyyəsi stabil olaraq qalır. İstilik təchizatında heç bir problem qeydə alınmayıb.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu da əhaliyə göstərilən xidmətlə bağlı ötən gün ilə müqayisədə bu gün heç bir problemin qeydə alınmadığını qeyd edib. Onun sözlərinə görə, regionlarda və paytaxt ərazisində əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı stabil qaydada həyata keçirilir:

“Sutka ərzində baş vermiş qəzalar lokal xarakter daşıyıb. Gözlənilən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların aradan qaldırılması üçün əlavə texnika və mal-material ayrılıb. Mövcud hava şəraiti ilə əlaqədar ölkə ərazisində bir neçə yerdə lokal xarakterli qəzalar baş verib və tez bir zamanda əməkdaşlarımız həmin qəzaları aradan qaldırıb. Hazırda ölkə ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təmin edilib. Abonentlərdən xahiş edirik ki, baş verən hansısa qəza və kəsinti halları ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat versinlər”.

“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, qurum əməkdaşların sayı iki dəfə artırılıb və 24 saatlıq növbəli iş rejimində fəaliyyət göstərilir.

Onun sözlərinə görə, gün ərzində lokal hadisələr istisna olmaqla genimiqyaslı hadisələrlə bağlı müraciətlər olmayıb:

“Hava soyuduqca qaza tələbat artır. Hazırda təbii qazın verilişində fasilələr yoxdur. Hətta hava daha da kəskinləşsə belə heç bir problem olmayacaq. Abonentlərin davamlı təbii qazla təmin edilməsində heç bir problem yarana bilməz”.

Gununsesi.info