Qarşıdakı 12 ayda da bahalaşma davam edəcək - 1 VƏTƏNDAŞ AYDA 72 MANAT ƏRZAĞA ƏLAVƏ PUL VERİR

  • By admin
  • 28 Noyabr 2022 17:31

Mərkəzi Bank bu ilin 3-cü rübünün sonuna pul-kredit siyasəti barədə icmalını yayımlayıb. İcmalda 9 ayın yekununda ölkənin makroiqtisadi durumu təhlil edilir. İlk diqqətçəkən məqam istehlak xərclərinin artması ilə bağlıdır. Bu il istehlak xərclərinin artım meyli davam edib. DSK-nın məlumatlarına görə, istehlak bazarında satılmış əmtəə və xidmətlərin dəyəri istər nominal, istərsə real olaraq ötən ilin eyni dövründəki səviyyəni üstələyib. İlk 9 ayda istehlakçılara toplam mal və xidmətlərin dəyəri 43 milyard manatdır. Başqa deyimlə, bir istehlakçı ortalama 475 manat xərcləyib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 72 manat artım deməkdir.

Gununsesi.info bildirir ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarətlə bağlı xərcləri də çoxalıb. Artım özəlliklə qida xərclərində özünü göstərir. Hazırda ölkədə qida inflyasiyasının 22 faizə çatması insanların qida xərclərini çoxaltmaqla yanaşı, toplam xərclər arasında qida xərclərinin payını da artırıb. İstehlak səbətinə daxil olan məhsulların 89 faizində son bir il ərzində bahalaşma qeydə alınıb. Məhsulların cəmi 11 faizinin həmin müddətdə qiyməti ya dəyişməyib, ya da nisbətən ucuzlaşıb. Mərkəzi Bankın hesablamasına görə, bu ilin yanvar-sentyabr aylarında hər bir istehlakçı pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 393 manat xərcləyib. Bu, ötən illə müqayisədə aylıq 56 manat artım deməkdir. Eyni zamanda, ərzaq inflyasiyasının toplam inflyasiya formalaşdırmaqdakı payı da 53 faizdən 60 faizə yüksəlib.

HTML tutorial

Marketlərə adambaşına ayda 221 manat xərclənir

Azərbaycanda aylıq adambaşına düşən qida xərcləri 221 manat, qeyri-qida məhsullarına çəkilən xərcsə 172 manat olub. Bu o deməkdir ki, əhalinin xərclərinin 56.3 faizi qida məhsullarına sərf edilib. Ötən il bu rəqəm 54 faiz idi. Deməli, son dövrlər qida məhsullarının bahalaşması xərclərin daha böyük bölümünün qidaya sərf edilməsinə səbəb olub. Belə xərclərin insanların toplam xərclərində hansı yeri tutması həm də rifah göstəricisi sayılır. Məsələn, inkişaf etmiş ölkələrin bir çoxunda qida məhsullarına sərf edilən vəsait toplam xərclərin 10-15 faizini ötmür, axı insanlar sosial yaşamlarına, dincəliş və əyləncələrinə, təhsil və səhiyyə ehtiyaclarına da pul xərcləyə bilərlər.

Azərbaycanda toplam xərclər arasında qida məhsullarının bu qədər böyük yer tutması əslində gəlirlərin ancaq əhalinin qida xərclərinə yetməsinin göstəricisi sayıla bilər. Son bir il ərzində ölkədə qida xərcləri toplam xərclərdə artsa da, geyim xərclərinin payı, əksinə, azalıb. Ötən ilin ilk 9 ayında əhalinin xərclərinin 15 faizi geyim və ayaqqabının payına düşmüşdü. Bu il həmin rəqəm 13.5 faizə enib.

Mərkəzi Bankın icmalında istehlakçılar arasında keçirilən sorğuya dair də bəzi bilgilər açıqlanır. Aydın olur ki, əhalinin 80 faizi qarşıdakı 12 ayda da bahalaşmanın davam edəcəyini düşünür.

 

Afət Abbasova

Gununsesi.info