Dünya Bankı bu günlərdə 247 səhifəlik “Azərbaycan ölkə iqtisadi Memorandumu” dərc edib. Memorandumda təqdim olunan uzun müddətli artım modeli (LTGM) əsasında ölkə iqtisadiyyatının gələcəyi qiymətləndirilib.
Azərbaycan prezidentinin ən çox istinad mənbəyi olan Dünya Bankı mütəxəssislərinin qurduğu modeldən əldə edilən hesablamalar hazırki iqtisadi siyasət davam edərsə 2050 ilə qədər bizi gözləyən iqtisadi və demoqrafik fəlakətlərdən xəbər verir.
Öncə qeyd edim ki, bu xəbərdarlıq daha çox gənc nəsilə ünvanlanıb. Belə ki, ölkədə ümumi işsizlik səviyyəsi ilə müqayisədə (2018-ci ildə 4,9 faiz), gənclər arasında işsizlik səviyyəsi (12,7 faiz) yüksəkdir. Bu göstərici 2018-ci il üçün gənc kişilərlə müqayisədə (11,0 faiz) gənc qadınlar üçün 14,7 faiz olub.
Dünya Bankının tədqiqatları göstərir ki, son iki onillikdə Azərbaycan iqtisadiyyatı resurslardan asılı olaraq qalmış, ölkənin əsas aktiv bazası diversifikasiya edilməmişdir. Azərbaycanın adambaşına düşən milli glir 2000-2014-cü illər arasında dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri azalmaqdadır.
Dünya Bankı hesab edir ki, qeyri-neft/qaz özəl sektorunun böyüməsi məhduddur. Dünya Bankının uzunmüddətli artım simulyasiyaları göstərir ki, hazırkı çağırışlarla üzləşən və onlara qarşı heç bir siyasət reaksiyası olmadan Azərbaycan iqtisadiyyatının böyüməsi 2024-2050-ci illərdə orta hesabla cəmi 0,5 faiz ola bilər. Belə ki, ÜDM artımı 2024-cü ildəki 1,5 faizdən 2050-ci ilə qədər sıfıra enəcək. Nəticədə adambaşına düşən ÜDM 2020-ci ildə 5900 ABŞ dollarından 2050-ci ildə 6500 ABŞ dollarına dəqər artacaq ki. Bu da növbəti 30 il ərzində yalnız 11 faiz artım deməkdir.
Dünya Bankı həmçinin Azərbaycanda əhalinin artımının ləngidiyini, qocaldığını qeyd edir. Belə ki, son 10 ildə (2011-2021) ölkədə əhalinin hər min nəfərinə düşən doğulanların sayı 19.4-dən 11.2-ə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. Əgər 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5.8 faiziydisə, bu gün həmin göstərici 8 faizdir.
Dünya Bankı narahatdır ki, Azərbaycanda insan kapitalının ümumi aktiv portfeldə yığımı zəifdir. Belə ki, İnsan kapitalı 2000-ci ildə yüzdə 40 ilə müqayisədə 2018-ci ildə onun ümumi aktiv portfelinin yalnız 23 faizini təşkil edib.
Dünya Bankı belə nəticəyə gəlib ki, Azərbaycan iqtisadiyyatının resursdan asılılığı və demoqrafik tendensiyalar struktur dəyişikliklərinə səbəb olur və ölkənin gələcək inkişaf perspektivlərini risk altına qoyur. Dünya Bankı hesabatında diqqəti (a) əhalinin artım tempinn azalmasına, (b) əhalinin qocalmasına və (c) neft və təbii qaz ehtiyatlarının tükənməsinə çəkir.
LTGM dövlət sərmayəsinin uzunmüddətli artımın əsas hərəkətverici qüvvəsi ola bilməyəcəyini göstərir. Hesabatda qeyd olunur ki, qeyri-neft/qaz sektorunda məhsuldarlığın (TFP) yaxşılaşdırılması və insan kapitalının yaradılmasına diqqət yetirməklə artımı canlandırmaq mümkündür. LTGM model vurğulayır ki, yalnız iddialı islahatlarla Azərbaycanın yüksəlişi mümkündür. Bu halda 2024-2050-ci illərdə orta illik artım 1,7 faiz bəndi ola bilər. Bu hald isə 2050-ci ildə Azərbaycanda adambaşına ÜDM 10,250 ABŞ dollarına çata bilər.
P.S. Dünya Bankının qənaəti odur ki, iddialı islahatlar aparmazsa Azərbaycan batır, iqtisadiyyat orta gəlir tələsinə düşür. Başqa ölkələr, o sıradan qonşular da inkişaf etsə də biz bu gedişlə tərəqqidən məhrum olacagıq, yəni 2050-ci ilədək dolanışığımız yaxşılaşmayacaq. Zatən mənim bu hakimiyyətdən başqa gözləntim də yox idi, on illərdir ki, aparılan iqtisadi siyasəti tənqid edərək dəfələrlə eyni xəbərdarlıqla çıxış etmişəm, hələ 2016-cı ildə ADR adından “İqtisadiyyatda təxirə salınmaz tədbirlər paketi”ni təqdim etmişəm, amma nə hakimiyyət diqqətə alıb, nə də xalq, xüsusilə də gənclər yaranmış durumdan narahatlıq keçirib. Bilin ki, gələcək nəsillər bizi onlara qoyub getdiyimiz quruluşa və iqtisadiyyata görə daim lənətləyəcəklər.
Qubad İbadoğlu