“Qarşıya qoyulan hədəflərə qısa müddətdə nail olunacaq, çünki…” - DEPUTAT

  • By admin
  • 07 İyun 2017 22:45

eldeniz salimov-1

“Azərbaycanda son illərdə qlobal məkanda müşahidə edilən mənfi proseslərin, o cümlədən də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının milli iqtisadiyyatımıza təsirlərini neytrallaşdırmaq və ölkənin davamlı inkişafını bundan sonra da təmin etmək məqsədilə ötən ildən başlayaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkədə iqtisadi aktivliyin artırılması, o cümlədən də biznes mühitinin optimallaşdırılması, bütün sahələrdə şəffaflığa nail olunması, idarəetmənin təkmilləşdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və digər istiqamətlər üzrə genişməzmunlu islahatlar həyata keçirilib, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiqlənib”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki,  görülən tədbirlər artıq öz nəticəsini verir. Belə ki, milli iqtisadiyyatımızda sabitlik təmin edilib və cari ilin ötən dövründə ayrı-ayrı istiqamətlər üzrə müsbət nəticələr əldə olunub.

Onun sözlərinə görə,  yeni şəraitdə isə qarşıya qoyulan əsas vəzifələrdən biri ixracın şaxələndirilməsi ilə bağlıdır. Azərbaycan xarici istehlak bazarlarına qeyri-neft məhsullarının ixracını artırmağı hədəfləyib:

 “Prezident İlham Əliyevin ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə azı üç dəfədən çox artım deməkdir.

Bütövlükdə hesab edirəm ki, qarşıya qoyulan hədəflərə qısa müddətdə nail olunacaq. Bunun üçün həm dövlətimizin siyasi iradəsi, həm də iqtisadi potensialı mövcuddur”.

KAMİL

Gununsesi.info