
Bakının Köhnə Günəşli Massivində yaşayan sakinlər alış-veriş etdikləri “Premiummart” Marketdə qəribə münasibətlə qarşılaşırlar.
Gununsesi.info-ya müraciət edən Səkinə Allahverdiyevanın sözlərinə görə, marketə alış-veriş etməyə gələn qadınların çantaları əllrindən alınır, marketdəki xüsusi şkaflara qoyulur, lakin əşyalarının qoyulduğu dolabın açarları onlara verilmir: “Aprelin 18-də kiçik gündəlik əl çantasıyla marketə daxil oldum. Başqa yerlərdən alış-veriş etmədiyimdən əlim boş idi. Marketin nəzarətçisi dedi ki, çantanızı dolaba qoymasanız, içəri daxil ola bilməzsiniz. Pul qabını götürüb çantamı qoyduğum dolabın açarını istədim. Nəzarətçi bildirdi ki, açarı da sizə verə bilmərik. Səbəbini isə marketin əşyalar üçün nəzərdə tutulan xüsusi şkafının bütün dolablarının cəmi bir açarı olmasıyla əlaqələndirdi. Dedi ki, dolabın açarı yalnız ondadır və ancaq o çantamı açıb mənə verə bilər. Ona başa sala bilmədim ki, bir başqası sakitcə gəlib mənim çantamı apara bilər. Çantamım axtarışıyla bağlı isə mənim kifayət qədər vaxtım gedəcək. Nəzarətçi bildirdi ki, qanunda belədir. Qanunu pozmaq istəyirsiniz? Anlamadım, axı bu hansı qanunda öz əksini tapıb, bir halda ki, marketdə nəzarət kameraları quraşdırılıb. Xahiş edirəm, bu məsələni araşdırasınız”-, deyə o bildirib.
Baş vermiş hadisəylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Gununsesi.info-nun sorğusunu cavablandırarkən bildirib ki, sözügedən məsələylə bağlı dəfələrlə İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırıb:
“Dəfələrlə İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışam ki, marketlərdə qayda-qanun yaratmaq üçün müəyyən sənəd, Nazirlər Kabinetinin təsdiqlədiyi əsasnamə olsun. Bu məsələnin bir hissəsidir. Marketlərdə şişirdilmiş qiymətlər var. Ölkə prezidenti 2011-ci il yanvarın 16-da Nazirlər Kabinetinin iclasındakı çıxışında demişdi ki, şişirdilmiş qiymətlərin qarşısı alınmalıdır. Lakin indiyədək də marketlər öz bildiyi kimi fəaliyyət göstərir. Marketlər mal gətirənlərdən külli miqdarda əlavə pul alırlar, hələ özləri də üzərinə qoyurlar. Ümumiyyətlə, marketlərdə qayda-qanunlar yaradılmalıdır. Orada böyük naloqdan gizlənmələr var, böyük pullar dövr edir. Bu məsələylə bağlı dəfələrlə məsələ qaldırmışıq. Heç bir qayda-qanun olmadğı üçün alıcılarla münasibətdə marketlər istədiklərini edirlər. Dövlət orqanları deyir ki, marketlər hüquqi şəxsdir, özləri biznes qururlar və daxili qaydaları var. Bununla bağlı əhalinin hədsiz narazılıqları var. Lakin qanunvericilikdə belə bir şey yazılmayıb ki, istehlakçının çantasını əlindən al və açarı da ona etibar etmə. Bir çox ölkələrdə bu məsələyə müxtəlif yanaşmalar var. Məsələn, Braziliyada marketlərə daxil olan alıcıların çantasının ağzına xüsusi yapışqanlı lent vururlar və bunu ancaq özləri açırlar. Bu isə çox anormal bir şeydir. Bu cür hallar, əslində, oğurluğa şərait yaradır, hətta oğurluğu nəzarətçilər özləri də edə bilərlər. Belə hallarla qarşılaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng vursalar, bu cür halların qarşısını almağa yardımçı ola bilərlər”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info