Qaynar nöqtədən təxliyə olunan Milli Qəhrəmanın qızı danışdı – FOTO

  • By admin
  • 22 Mart 2022 18:29

“Prezident İlham Əliyevin tapşırığı ilə qaynar nöqtədən təxliyə olunmağımıza yardım edildi”.

Bu fikri AZƏRTAC-a müsahibəsində Ukraynanın Xarkov şəhərindən Moldovanın Kişineu şəhərinə təxliyə edilən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin qızı Oksana Seryogina deyib.

“Azərbaycan dövləti milli qəhrəmanlarımızın xatirəsini hər zaman əziz tutur, şəhid ailələrinin üzvlərinə böyük diqqət və qayğı göstərir. Bu həssas münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”, – deyə Oksana Seryogina əlavə edib.

O bildirib ki, Xarkovdan Moldovaya təxliyə məsələsində Milli Məclisin Ukrayna ilə əlaqələr üzrə parlamentlərarası qrupunun rəhbəri Rüfət Quliyev, “Kiyev Azərbaycanlıları Konqresi” təşkilatının rəhbəri Oleq Krapivin köməklik göstərib.

“Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun köməyi ilə səfirliyin əməkdaşları bizim ailəmizi Ukrayna-Moldova sərhədindən təxliyə etdilər. Hazırda Kişineuda mənzildə qalırıq. Yaxın günlərdə isə buradan Azərbaycana gedəcəyik. Azərbaycan xalqının bizə göstərdiyi diqqət və yardım əsl qəhrəmanlıq nümayişidir”, – deyə Oksana Seryogina vurğulayıb.

Qeyd edək ki, 1944-cü il təvəllüdlü Viktor Seryogin 1992-ci il yanvarın 28-də Şuşadan dinc sakinləri təxliyə edərkən qəhrəmancasına həlak olub. O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.