Qaz, su, işıq borcuna görə 7 illik həbs cəzasının verilməsi doğru addımdırmı? - İQTİSADÇI SAMİR ƏLİYEVİN RƏYİ

  • By admin
  • 19 Oktyabr 2017 12:45

samir

Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə 7 il həbs cəzasi kəsilə bilər.

Gununsesi.info APA-ya istinadən bildirir ki, Azərbaycan Prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir.

Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrum etmədir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Əgər qanun qəbul olunarsa, o zaman bu cəzaya daha çox kimlər hədəf olacaq. “Azəriqaz”,” Azərsu” və “Azərişıq”ən verdiyi məlumatlara inansaq, əhali qurupunun kommunal borcları çox cüzidir. Borclar daha çox iri şirkətlərə, dövlət qurumlarının bir-birinədir. Belə olan halda, kimlər həbsə gedə bilər?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev Gununsesi.info-ya şərhində qaz, işıq və su borclarına görə cəzaların sərtləşdirilməsini yolverilməz hesab edir: “Kommunal təsərüffat digər sektorlardan fərqlənir, həssas bir sahədir, həyatı vacib bir sektordur. Vətəndaşlar kredit götürərək avtomobil, məişət texnikası, televizor ala bilər. Şəxs kreditini ödəyə bilməyəndə onun maşınını, televizoru əlindən almaq olur. İnsanlar bunlar olmadan yaşaya bilir, amma işıq, qaz və susuz yaşaya bilməz”.

S.Əliyevə görə, bu, birbaşa Konstitusiyada dövlətin üzərinə düşən öhdəlikdir ki, ölkə vətəndaşı zəruri xidmətlərlə təmin edilməlidir: “Əgər kommunal xidmətdə “smart” texnologiyasından istifadə edilirsə, deməli, borclu məsələsi həllini tapıb. Yəni mobil telefonlarda olduğu kimi, öncədən ödəmə sistemi tətbiq edirlər.  Halbuki, bunun özü də doğru  yanaşma deyil. Çünki burada rəqabət yoxdur, tam inhisardadır. İkincisi, dediyim ki, insanlar üçün həyati vacib sektordur. Buna baxmayaraq, bizdə “smart” sisteminə keçdilər.  İnsanlar işığı, qazı, suyu qənaətlə işlətməyə başladılar. Amma bunu fonunda əlavə sərtləşdirmə halları düzgün addım deyil”.

Ekspert  güman edir ki, bu sərtləşdirmə əhaliyə deyil, iri şirkətlərə doğru yönəlib: “Əslində, bunun da mexanizmi var. Əgər “smart” kart istifadəçisi deyilsə və borcu yığılırsa, bu zaman həmin abonentin xəttini ayırırlar. Bunun müqabilində kiminsə həbs edilməsi yolverilməzdir.

Nəzər alaq ki, bu borclar daha çox dövlət qurumlarının, dövlət şirkətlərinin öz aralarında olur. Özəl şirkətlərdə belə problemlər ya olmur, ya da az olur. Belə çıxır ki,  qanundakı dəyişikliyin əsas fokusu dövlət qurumlarına yönələcək.  Dövlət qurumlarına qarşı isə belə bir sərt tədbirlərin görülməsinə inanmıram. Hər bir halda kimsə xərcləri ödəmirsə, həbs mexanizmlərindən qaçmaq lazımdır, cərimələr tətbiq etmək olar, yaxud da məhdudlaşdırmaq olar. Ona görə də, qaydaların sərtləşdirilməsinin əleyhinəyəm”.

Vüsalə Rüstəmova

Gununsesi.info